ABŞ kəşfiyyatı “Nvidia” rəhbərinin Çin casusu ilə əlaqəsini üzə çıxarıb
ABŞ kəşfiyyat orqanları “Nvidia” şirkətinin baş direktoru Censen Huanqla yaxın əlaqələri olan iş qadınının Çin kəşfiyyatı üçün fəaliyyət göstərdiyi qənaətinə gəlib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət Sinqapurda yerləşən “Megaspeed” şirkətinin yüksək vəzifəli rəhbərlərindən biri olan Elis Huanqdan gedir.
ABŞ kəşfiyyatı onun Pekinə məlumat ötürdüyünü ehtimal edir. Həmin dövrdə “Megaspeed” şirkəti qabaqcıl “Nvidia” çiplərinin Çinə mümkün qanunsuz tədarükü ilə bağlı araşdırmanın diqqət mərkəzində olub.
Bildirilir ki, Elis Huanq “Nvidia”nın baş direktoru Censen Huanqla yaxın münasibətlər qurub və onunla müxtəlif tədbirlərdə görüşüb.
“The New York Times”ın məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə kəşfiyyatın əldə etdiyi məlumatlarla tanış edilib. Lakin bundan sonra hər hansı tədbir görülmədiyi bildirilir.
Nəşr həmçinin iddia edir ki, Censen Huanq mümkün kəşfiyyat fəaliyyəti barədə xəbərdar edilməyib.
“Nvidia” həssas məlumatların ötürülməsi ilə bağlı iddiaları rədd edib. “Megaspeed” isə ittihamları araşdırdığını bildirib.
Qeyd edək ki, Elis Huanqın Çin kəşfiyyatı ilə əməkdaşlıq etməsi barədə məlumatlar ABŞ rəsmilərinin qiymətləndirməsinə əsaslanır. İddialarla bağlı yekun hüquqi qərarın qəbul edildiyi açıqlanmayıb.
15:47 29.10.2026
Oxunuş sayı: 40