Rusiyadan ABŞ-yə gedən tankerlərə qarşı SƏRT XƏBƏRDARLIQ
ABŞ-nin Demokratlar Partiyasından olan senatoru Riçard Blumental Rusiya dizel yanacağını ABŞ limanlarına daşıyan gəmiçilik şirkətlərinə xəbərdarlıq edərək onları marşrutlarını dəyişməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, UNIAN agentliyi bu barədə senatorun “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.
Blumental Rusiya mənşəli dizel yanacağının ABŞ-yə idxalının qanunsuz olduğunu bildirib.
“Limanlarımıza qanunsuz Rusiya dizel yanacağını daşıyan tankerlərə sahib gəmiçilik şirkətlərinə ciddi xəbərdarlıq edirəm: hələ gec deyil, istiqamətinizi dəyişin”, – deyə senator vurğulayıb.
O, Yunanıstanın “Eastern Mediterranean Maritime Limited” (EASTMED) şirkətinin idarəedici direktoru Atanasios Martinosun ünvanına göndərdiyi məktubu da ictimailəşdirib.
Məktubda bildirilir ki, Malta bayrağı altında üzən “Agioi Fanendes” tankeri oktyabrın 22-də Rusiya limanından dizel yanacağı ilə yola düşüb.
Siyasətçi şirkətdən yanacağın satıcısı, alıcısı, fraxtedəni, sığortaçısı, terminal operatoru və paylanmasına məsul şəxs barədə məlumat tələb edib.
Blumentalın sözlərinə görə, ABŞ-də 2022-ci ildə qəbul edilmiş Rusiya neftinin idxalına qadağa qoyulması haqqında qanun Rusiya mənşəli yanacağın ölkə limanlarında boşaldılmasını qadağan edir.
O bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Rusiya dizelinin ixracı ilə bağlı verdiyi 135 nömrəli ümumi lisenziya həmin qanuni qadağanı ləğv edə bilməz.
“Heç bir prezident qanunu təkbaşına ləğv edə bilməz”, – deyə senator qeyd edib.
UNIAN-ın məlumatına görə, ABŞ Konqresində Rusiya dizelinin tədarükü ilə bağlı Tramp administrasiyasının razılaşmasına qarşı ikipartiyalı qanun layihəsi də irəli sürülüb.
Sənəddə sanksiya istisnalarının ləğvi, Rusiyanın enerji sektoruna investisiyaların qadağan olunması və yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
13:12 29.10.2026
Oxunuş sayı: 51