Moskvaya dron hücumu - 3 hava limanı dayandı
Oktyabrın 28-dən 29-na keçən gecə Moskvaya və ətraf bölgələrə kütləvi dron hücumu olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “ASTRA” nəşri Rusiya mediasına istinadən məlumat yayıb.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, oktyabrın 28-i saat 20:30-dan oktyabrın 29-u saat 07:00-dək Moskva istiqamətində 613 pilotsuz uçuş aparatı hərəkət edib. O, hava hücumundan müdafiə qüvvələrinin dronların böyük hissəsini uzaq məsafədə zərərsizləşdirdiyini, 231 pilotsuz aparatın isə Moskvaya yaxınlaşarkən məhv edildiyini iddia edib. Dron qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin işlədiyi bildirilib.
Hücumla əlaqədar Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin eniş və uçuşlarına məhdudiyyətlər tətbiq olunub. Rusiya mediasının məlumatına görə, Türkiyədən Moskvaya uçan iki təyyarə Vnukovodakı məhdudiyyətlər səbəbindən geri dönüb.
Təxminən bir saat sonra Jukovski hava limanında məhdudiyyətlər aradan qaldırılıb. Vnukovo və Domodedovo hava limanlarında isə təyyarələrin qəbulu və yola salınması razılaşdırılmış qaydada həyata keçirilib.
“ASTRA” nəşrinin məlumatına görə, Moskvaətrafı Naro-Fominsk şəhəri yaxınlığında da üç partlayış səsi eşidilib. Həmçinin Kaluqa vilayəti istiqamətindən ardıcıl partlayış səslərinin gəldiyi bildirilib.
Başqa bölgələrdə də partlayışlar qeydə alınıb
“ASTRA”nın məlumatına görə, pilotsuz uçuş aparatlarının hücumu fonunda Başqırdıstanın Sterlitamak şəhərində yerləşən “Başqırd Soda Şirkəti”nin üzərində tüstü müşahidə olunub. Müəssisə zireh materiallarının istehsalında istifadə edilən xüsusi komponentin Rusiyadakı yeganə istehsalçısı kimi təqdim edilir.
Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində ölkənin 19 regionunun hücuma məruz qaldığını və 1200-dən çox dronun qeydə alındığını açıqlayıb.
Moskva daha əvvəl də dron hücumuna məruz qalıb
Xatırladaq ki, oktyabrın 23-də də Moskvaya bir neçə saat davam edən dron hücumu barədə məlumat yayılmışdı. Həmin vaxt hava hücumundan müdafiə sistemlərinin şəhər ərazisində fəaliyyət göstərdiyi bildirilmişdi.
Hücum təhlükəsi səbəbindən Moskvanın dörd hava limanı — Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski bağlanmışdı.
12:55 29.10.2026
Oxunuş sayı: 60