Rusiyalı siyasətçi Avropanın niyə Zelenskini dəstəklədiyini açıqlayıb
Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev Avropa siyasətçilərinin Ukrayna Prezidenti Volodimir Zelenskini şəxsi siyasi maraqlarına görə müdafiə etdiklərini iddia edib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə Kosaçevin müsahibəsinə istinadən məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, bir sıra Avropa liderlərinin siyasi karyeraları Zelenskiyə verdikləri dəstəklə sıx bağlıdır.
“Üçüncü ölkələrin, xüsusilə Avropa dövlətlərinin bir çox liderləri Zelenski ilə şəxsən bağlıdırlar. Korrupsiya əlaqələrinin mövcudluğunu da istisna etmirəm. Lakin onların siyasi karyeralarının Zelenski ilə əlaqəli olduğu aydındır”, – deyə Kosaçev bildirib.
O iddia edib ki, Avropa liderləri Ukrayna rəhbərliyinin fəaliyyətinə dair bəzi ittihamlara münasibət bildirməkdən yayınırlar.
Kosaçev Ukrayna hakimiyyətinin qanunsuz silah ticarətində iştirakına dair iddiaların təsdiqlənəcəyi təqdirdə bunun Zelenskini dəstəkləyən Avropa siyasətçiləri üçün ciddi siyasi nəticələr doğura biləcəyini söyləyib.
Siyasətçi Zelenskinin şəxsi həyatı ilə bağlı da sübuta yetirilməmiş ittihamlar səsləndirib.
Onun fikrincə, Avropa siyasətçiləri Zelenskini dəstəkləməklə həm də öz siyasi mövqelərini qorumağa çalışırlar.
Kosaçev həm Ukrayna Prezidentinin, həm də onu dəstəkləyən siyasətçilərin müharibə ilə bağlı fəaliyyətlərinə görə məsuliyyətdən yayınmasının çətin olacağını iddia edib.
11:48 29.10.2026
Oxunuş sayı: 51