Aİ Ukraynada müharibə bitsə belə, Rusiya qazından imtina edəcək
Avropa İttifaqı (Aİ)Rusiya- Ukrayna müharibəsi başa çatdıqdan sonra da Rusiyadan təbii qaz idxalını bərpa etməyi planlaşdırmır. “Şimal axını” qaz kəməri vasitəsilə tədarükün yenidən başlanması da nəzərdə tutulmur.
Crossmedia.az xəbər verir ki, “Euronews” bu barədə məlumat yayıb.
Avropa Komissiyasının baş sözçüsü Paula Pinyo bildirib ki, Aİ ABŞ və Rusiyanın Avropaya qaz tədarükünü bərpa etmək planlarını dəstəkləmir.
Onun sözlərinə görə, Avropa Rusiya enerji resurslarından asılılığın yaratdığı problemləri nəzərə alaraq əvvəlki siyasətinə qayıtmaq niyyətində deyil.
“Biz Rusiyadan enerji resursları almağın və onlardan asılı olmağın gizli xərclərini çox yaxşı bilirik. Bu asılılıq təzyiq vasitəsinə çevrilib və biz bunun əvəzini ödəmişik”, – deyə Pinyo vurğulayıb.
Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Anna-Kaysa İtkonen isə bildirib ki, Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması barədə qanunvericilik Ukraynadakı müharibənin gedişindən asılı deyil.
Mövcud plana əsasən, Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) qısamüddətli müqavilələr üzrə idxalı artıq dayandırılıb. Uzunmüddətli müqavilələrin 2027-ci ilin yanvarına, boru kəmərləri vasitəsilə qaz idxalının isə həmin ilin sentyabrına qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Rusiya ilə Almaniyanı birləşdirən “Şimal axını-1” qaz kəməri 2022-ci ildə baş verən partlayışlardan sonra fəaliyyət göstərmir. “Şimal axını-2” layihəsi isə Almaniya tərəfindən sertifikatlaşdırılmayıb.
10:51 29.10.2026
Oxunuş sayı: 68