Cənubi Koreyanın Rusiya siyasəti Avropada narahatlıq yaradıb
Cənubi Koreyanın Rusiya ilə diplomatik və iqtisadi əlaqələri genişləndirmək istiqamətində atdığı addımlar Avropa ölkələrində narahatlıq doğurub. Eyni zamanda, Seulun Ukrayna ilə münasibətlərində gərginlik yaranıb.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Prezident Li Çje Myonun rəhbərliyi dövründə Cənubi Koreya Rusiya ilə siyasi və iqtisadi təmasları tədricən bərpa edir. Bu proses Moskvanın Ukraynada apardığı müharibə və Şimali Koreya ilə hərbi əməkdaşlığı fonunda baş verir.
Bildirilir ki, iyul-avqust aylarında Cənubi Koreya limanlarından Rusiyaya 176 min tondan çox yanacaq, əsasən dizel daşınıb. Daşımaların bir hissəsində Qərbin sanksiyalarına məruz qalmış tankerlərdən istifadə edildiyi qeyd olunur.
Cənubi Koreya hökuməti isə Rusiyaya birbaşa yanacaq ixracının rəsmi gömrük qeydlərində əks olunmadığını bildirərək daşımaların şərtlərini araşdırdığını açıqlayıb.
Bununla yanaşı, iki ölkənin nümayəndələri arasında siyasi təmasların davam etdiyi bildirilir. Rusiya ilə əlaqələri ilə tanınan Son Yon Gil Cənubi Koreya prezidentinin sülh diplomatiyası üzrə müşaviri təyin edilib. O, daha əvvəl Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunub.
Cənubi Koreya ilə Ukrayna arasında münasibətlər isə iki şimali koreyalı hərbi əsirin Seula təhvil verilməsi barədə məlumatların açıqlanmasından sonra gərginləşib.
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 23-də BMT Baş Assambleyasında bu barədə danışıb. Cənubi Koreya tərəfi məlumatın məxfi saxlanılması ilə bağlı razılaşmanın pozulduğunu iddia edib. Kiyev isə belə razılaşmanın mövcudluğunu təsdiqləməyib.
Diplomatik mübahisədən sonra Cənubi Koreya Ukraynadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasyuk bildirib ki, Cənubi Koreya limanlarından həyata keçirilən yanacaq daşımaları Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrindən sonra yaranan yanacaq çatışmazlığının təsirini azaltmağa kömək edib.
Avropalı diplomatlar isə Seulun müharibədən sonrakı dövrdə Moskva ilə əməkdaşlığı genişləndirməyə hazırlaşmasından narahatdırlar.
Bununla belə, Cənubi Koreya hakimiyyəti Rusiyaya yönəldiyi barədə iddiaları rədd edir və Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini bildirir.
13:42 29.10.2026
Oxunuş sayı: 55