İsraildə seçkilərə xarici müdaxilə iddiası: Komissiya müraciəti rədd edib
İsrailin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinə Qətərin mümkün müdaxiləsi ilə bağlı araşdırmanı müzakirə etmək üçün komissiya rəhbərliyinin iclasının çağırılması barədə müraciəti rədd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin Mərkəzi Seçki Komissiyasının açıqlamasında bildirilib.
Müraciət “Yeş Atid” partiyasından Knessetin deputatı Vladimir Belyak tərəfindən təqdim olunub.
Komissiyanın baş direktorunun vəzifələrini icra edən Dan Livne bildirib ki, məsələ məxfi inzibati araşdırma ilə bağlı olduğundan rəhbərliyin xüsusi iclasının keçirilməsinə ehtiyac görülmür.
Onun sözlərinə görə, Knessetə seçkilər qanunvericiliyə uyğun keçirilib və seçki qutularının toxunulmazlığı təmin olunub.
Livne vurğulayıb ki, komissiyaya səsvermə prosesinə sistemli müdaxilə edildiyini göstərən hər hansı təsdiqlənmiş məlumat daxil olmayıb. O, polis komissarı və daxili təhlükəsizlik xidməti olan Şin Betin rəhbərinin də bunu təsdiqlədiyini bildirib.
Bununla yanaşı, komissiya sədri, hakim Noam Solberq seçkilərə mümkün xarici müdaxilə ilə bağlı əlavə araşdırma aparılması üçün Şin Betə tapşırıq verib.
Livnenin sözlərinə görə, bu qərar Solberqə təqdim edilmiş məxfi və həssas məlumatlardan sonra qəbul olunub. Həmin məlumatlar əlavə yoxlama tələb edən şübhələr yaradıb.
O qeyd edib ki, məlumatların məxfi xarakter daşıması səbəbindən onların məzmununu ictimaiyyətə açıqlamaq mümkün deyil.
Qeyd edək ki, seçkilərə xarici müdaxilə, o cümlədən Qətərlə bağlı səsləndirilən iddialar araşdırma mərhələsindədir və onların doğruluğu hələ təsdiqlənməyib.
16:34 29.10.2026
Oxunuş sayı: 144