ABŞ İranla nüvə razılaşması üçün birbaşa görüş təklif edib
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi məqsədilə şəxsən görüşməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə danışıqlardan məlumatlı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vens Qətər vasitəçiləri vasitəsilə Rzaiyə məktub göndərərək iki ölkə arasında diplomatik danışıqların bərpasına hazır olduğunu bildirib.
Məktubda ABŞ-nin əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğu vurğulanıb.
Vens qeyd edib ki, Vaşinqton təhlükəsizlik maraqlarını təmin etməyə çalışır, Tehran isə müharibə və sanksiyalardan zərər görmüş iqtisadiyyatını bərpa etmək və suverenliyini qorumaq istəyir.
ABŞ-nin vitse-prezidenti İran tərəfini nüvə məsələlərini müzakirə etmək səlahiyyətinə malik nümayəndələr göndərməyə çağırıb.
Məlumata görə, görüş baş tutacağı təqdirdə onun İstanbulda və ya Dohada keçirilməsi mümkündür.
ABŞ Prezidenti Donald Tramp isə Vensin İranla əlaqə saxlamasına icazə verdiyini təsdiqləsə də, müraciətin sülh danışıqlarını bərpa etmək məqsədi daşıdığını təkzib edib.
Tramp bildirib ki, təşəbbüs İrana tibbi ləvazimatların və humanitar yardımın çatdırılması ilə əlaqədardır.
Hələlik Tehran Vensin təklifinə rəsmi cavab verməyib.
Qeyd edək ki, Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında diplomatik təmaslar davam edir. Lakin tərəflərin nüvə proqramı, sanksiyalar və Hörmüz boğazındakı vəziyyətlə bağlı mövqeləri arasında ciddi fikir ayrılıqları qalır.
17:52 30.10.2026
Oxunuş sayı: 50