Pentaqon Avropa ölkələrindən Rusiyaya qarşı ritorikanı yumşaltmağı istəyib
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir sıra NATO ölkələrinə Rusiyadan gələn təhlükələrlə bağlı sərt açıqlamaları azaltmaq üçün qeyri-rəsmi müraciətlər edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məsələdən məlumatlı dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin belə müraciətlər ünvanladığı ölkələr arasında Litva, Latviya və Estoniya da var.
Mənbələr bildiriblər ki, Vaşinqton bəzi Avropa liderlərinin Rusiya ilə bağlı sərt bəyanatlarının qitənin təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini düşünür.
Müraciətlər son həftələrdə ikitərəfli görüşlər zamanı çatdırılıb. ABŞ-nin digər Avropa dövlətlərinə də oxşar tövsiyələr verib-vermədiyi məlum deyil.
Bildirilir ki, Pentaqonun müdafiə siyasəti üzrə rəhbər şəxslərindən biri Elbric Kolbi də bu istiqamətdə danışıqlarda iştirak edib.
ABŞ rəsmilərinin diqqətini çəkən açıqlamalar arasında Rusiyanın çətin vəziyyətə düşdüyünü və Ukraynadakı müharibənin uzanması səbəbindən daha sərt addımlar atdığını bildirən fikirlər də olub.
Mənbələrdən birinin sözlərinə görə, ABŞ tərəfi Avropalı müttəfiqlərinə Rusiyanı təhrik edə biləcək ifadələrdən çəkinməyi tövsiyə edib.
Bu müraciətlər Donald Tramp administrasiyasının Ukraynadakı müharibəyə danışıqlar yolu ilə son qoymaq istiqamətində diplomatik səylərini yenidən fəallaşdırdığı dövrə təsadüf edir.
Məlumata əsasən, Vaşinqtonun yeni təşəbbüsləri Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılması imkanlarını və Ukraynanın Rusiya enerji infrastrukturuna hücumlarının dayandırılması məsələsini də əhatə edir.
Pentaqon isə yayılan məlumatlarla bağlı rəsmi təsdiq verməyib.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi müttəfiqlər arasında aparılan məxfi danışıqları şərh etməyəcəklərini bildirib.
Qeyd edək ki, məsələ NATO daxilində Rusiyadan qaynaqlanan təhlükələrin ictimaiyyətə necə təqdim edilməsi ilə bağlı fikir ayrılıqlarını da gündəmə gətirib.
17:45 30.10.2026
Oxunuş sayı: 49