Avropada vahid ordu yaradılması təklif edilib
Avropa federalistləri Avropa İttifaqının (Aİ) mövcud 27 milli ordusuna əlavə olaraq daimi “28-ci Avropa ordusu”nun yaradılmasını təklif ediblər.
Crossmedia.az xəbər verir ki, Avropa Federalistləri İttifaqı (UEF) bu barədə məlumat yayıb.
Təşkilatın məlumatına görə, təkliflər oktyabrın 27-də Brüsseldə Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubiliusla keçirilən görüşdə təqdim olunub.
“Avropa Birləşmiş Ştatları üzrə Fəaliyyət Komitəsi”nin hazırladığı proqramda daimi Avropa hərbi qüvvələrinin formalaşdırılması, vahid komandanlıq strukturlarının gücləndirilməsi və Avropa Təhlükəsizlik Şurasının yaradılması nəzərdə tutulur.
Sənəddə üzv dövlətlərin müdafiə investisiyalarının ən azı 50 faizinin birgə Avropa proqramlarına yönəldilməsi təklif edilir.
Bundan başqa, hərbi xərclərdə təkrarlanmaların azaldılması, ortaq strateji imkanların inkişaf etdirilməsi və müdafiə sahəsində qərarların daha operativ qəbul olunması təşəbbüsləri irəli sürülüb.
Təklifə əsasən, yeni Avropa ordusu milli silahlı qüvvələri əvəz etməyəcək, onların fəaliyyətini tamamlayacaq.
Proqramda müdafiə layihələrinin birgə maliyyələşdirilməsi, Avropa Parlamentinin nəzarət imkanlarının artırılması və gələcəkdə vahid müdafiə sisteminə keçid üçün institusional islahatların aparılması da nəzərdə tutulur.
Andrius Kubilius görüşdən sonra təqdim edilən ideyaları müsbət qarşıladığını bildirib və Avropanın təhlükəsizlik problemlərinə ortaq yanaşmanın vacibliyini vurğulayıb.
Qeyd edək ki, təşəbbüslər hələlik təklif xarakteri daşıyır. Daimi Avropa ordusunun yaradılması barədə yekun qərar qəbul edilməyib.
16:50 30.10.2026
Oxunuş sayı: 53