Çin ilk dəfə gizli pilotsuz uçuş aparatını hərbi gəmidə sınaqdan keçirib
Çin GJ-21 tipli radarlara az görünən kəşfiyyat-zərbə pilotsuz uçuş aparatının (PUA) “Sichuan” adlı hərbi gəmidən ilk uğurlu uçuş və eniş sınağını həyata keçirib.
Crossmedia.az xəbər verir ki, Çinin “Sinxua” dövlət informasiya agentliyi ölkənin Hərbi Dəniz Qüvvələrinə istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, GJ-21 pilotsuz uçuş aparatı Çinin ilk “Type 076” sinifli universal desant gəmisinin göyərtəsindən havaya qalxaraq yenidən həmin gəmiyə eniş edib.
Sınaqlar oktyabrın ikinci yarısında “Sichuan” gəmisinin dənizdə keçirilən yoxlamaları çərçivəsində baş tutub.
Çin tərəfinin məlumatına görə, bu nəticə ölkənin Hərbi Dəniz Qüvvələrinin iri dəniz döyüş platformalarından radarlara az görünən sabitqanadlı pilotsuz uçuş aparatlarını havaya qaldırmaq və endirmək imkanına malik olduğunu göstərir.
Qeyd edək ki, 2024-cü il dekabrın 27-də suya buraxılan “Sichuan” gəmisi elektromaqnit katapult sistemi, avtomatlaşdırılmış eniş idarəetməsi və müasir enerji sistemi ilə təchiz olunub.
Gəmi pilotsuz uçuş aparatları, helikopterlər və desant texnikası daşımaq imkanına malikdir. Onun ilk dəniz sınaqları 2025-ci ilin noyabrında başlayıb.
16:34 30.10.2026
Oxunuş sayı: 54