Ukrayna xüsusi təyinatlıları Rusiya ərazisində əməliyyat keçirib
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiya ərazisində pusqu əməliyyatı keçirərək hərbi avtomobili məhv etdiklərini və mühüm sənədlər ələ keçirdiklərini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri bu barədə məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlı dəniz mərkəzinin hərbçiləri mina maneələrini aşaraq Rusiya qüvvələrinin nəzarətində olan əraziyə gizli şəkildə daxil olublar.
Ukrayna tərəfi bildirib ki, hərbçilər bir neçə gün ərzində ərazidə kəşfiyyat aparıb və prioritet hədəfləri müəyyənləşdiriblər.
Əməliyyatın aktiv mərhələsində hərbi avtomobilin məhv edildiyi, pilotsuz uçuş aparatlarına aid avadanlıqların, operativ rabitə vasitələrinin, atıcı silahların və mühüm sənədlərin ələ keçirildiyi iddia olunur.
Ələ keçirilən sənədlər arasında döyüş əmrləri, hərbi hissələrin hərəkət marşrutlarının sxemləri və şəxsi heyətin tam siyahılarının olduğu bildirilir.
Ukrayna tərəfinin məlumatına görə, əməliyyatı 73-cü Dəniz Xüsusi Əməliyyatlar Mərkəzinin hərbçiləri həyata keçiriblər.
Əməliyyatın dəqiq keçirildiyi yer və vaxt barədə əlavə məlumat açıqlanmayıb. Ukrayna tərəfinin bildirdiyi nəticələr Rusiya tərəfindən təsdiqlənməyib.
15:48 30.10.2026
Oxunuş sayı: 48