“Ə”, “Ö”, “Ü” şirkətlərə niyə sərf etmir? - SMS-lərdə Azərbaycan dili problemi
Mobil telefonlara göndərilən kütləvi SMS bildirişlərində Azərbaycan əlifbasının bəzi hərflərinin ingilis əlifbasındakı hərflərlə əvəzlənməsi məsələsi diqqət çəkir. Bu məsələ ilə bağlı bir neçə məqalə dərc etmişik. Məqalələrdə şirkətlərin SMS-lərdəki səhvləri aydın əks olunub. Belə ki, bir sıra şirkətlər müştərilərinə göndərdikləri mesajlarda “ə” əvəzinə “e”, “ö” əvəzinə “o”, “ü” əvəzinə “u”, “ş” əvəzinə isə “sh” yazır. Nəticədə Azərbaycan dilinin orfoqrafik normalarına uyğun olmayan, bəzən isə oxunması çətinləşən mesajlar ortaya çıxır.
Məsələ ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, SMS bildirişləri məzmunundan və məqsədindən asılı olaraq həm reklam, həm də məlumat xarakterli ola bilər.
Agentliyin açıqlamasında qeyd olunub ki, “Reklam haqqında” Qanunun 4-cü maddəsinə əsasən, reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun müddəalarına riayət edilməlidir. Həmçinin reklamda əmtəə və xidmətlər barədə məlumatlar istehlakçı tərəfindən açıq və anlaşılan formada ifadə olunmalıdır.
Bundan başqa, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7-ci maddəsinə əsasən, ölkə ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlədilməli, dilin normalarına riayət olunmalıdır. Həmin Qanunun 13.1-ci maddəsində isə dövlət dilinin normalarının Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya qaydalarını əhatə etdiyi, hüquqi və fiziki şəxslərin bu normalara əməl etməli olduğu vurğulanır. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.
Agentlik, eyni zamanda, dövlət dilinin normalarının pozulmasına, o cümlədən media məhsullarında və reklam daşıyıcılarında bu normalara əməl edilməməsinə görə qanunvericilikdə inzibati məsuliyyətin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Konkret pozuntu faktları ilə bağlı məlumatlar Agentliyə təqdim edildiyi halda məsələnin araşdırıla biləcəyi bildirilib.
Qurumun açıqlamasında mobil operatorların şirkətlərdən SMS mətnlərini ingilis əlifbası ilə təqdim etmələrini tələb etməsi barədə iddianın özünə ayrıca hüquqi qiymət verilməyib. Bu məsələ ilə bağlı redaksiyamız tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə əlavə sorğu da ünvanlanıb. Mobil operatorların belə bir tələb irəli sürüb-sürmədiyi və bunun hüquqi əsaslarının olub-olmadığı barədə əlavə aydınlıq gözlənilir.
Məsələ yalnız SMS-lərin texniki göndərilmə qaydası və ya xidmətin qiyməti ilə məhdudlaşmır. Azərbaycan dili dövlət dilidir və onun yazı normalarına gündəlik ünsiyyətdə, o cümlədən şirkətlərin müştərilərlə rəsmi kommunikasiya vasitələrində əməl olunması vacibdir. SMS göndərişlərinin daha ucuz başa gəlməsi kommersiya baxımından şirkətlər üçün əhəmiyyətli ola bilər. Lakin bu qənaətin Azərbaycan əlifbasının və dil normalarının arxa plana keçirilməsi hesabına əldə olunması ciddi müzakirə doğurur.
Şirkətlərin müştərilərlə ünsiyyətdə Azərbaycan dilinin qaydalarına riayət etməsi həm dövlət dilinə hörmətin, həm də istehlakçıların düzgün və anlaşıqlı məlumatlandırılmasının göstəricisidir. Ümid edirik ki, aidiyyəti qurumlar məsələni diqqətdə saxlayacaq, mövcud qanunvericiliyin tələblərinin icrası istiqamətində zəruri tədbirlər görüləcək və kütləvi SMS göndərişlərində Azərbaycan dilinin normalarına əməl olunması təmin ediləcək.
17:25 30.10.2026
Oxunuş sayı: 63