Kreml Ukraynanı Trampın tələbinə məhəl qoymamaqda ittiham edib
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ukraynanın ABŞ Prezidenti Donald Trampın Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq tələbini yerinə yetirmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yuri Uşakovun sözlərinə görə, Kiyev Trampın bu məsələdə israrlı mövqeyinə baxmayaraq, onun çağırışlarına məhəl qoymur. Kreml rəsmisi Ukraynanın bu cür addımlar atmasında Avropanın dəstəyinin rol oynaya biləcəyini də istisna etməyib.
O, Avropanın dəstəyi olmadan Kiyevin belə addımlara çətin ki, cəsarət edəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna mediası ABŞ-ın tələblərindən sonra iki həftə ərzində dayandırılan Rusiya neft emalı zavodlarına hücumların yenidən başladığını yazıb. Rusiyanın baş nazir müavini Aleksandr Novak isə Ukrayna PUA-larının həmin gün Rusiyanın üç neft emalı zavodunu hədəfə aldığını açıqlayıb.
18:15 30.10.2026
Oxunuş sayı: 55