Təhsil sistemində yeni model - müəllimsiz məktəb
ABŞ-də süni intellekt əsaslı fərdiləşdirilmiş təhsil modelinin tətbiqi tədris prosesində texnologiyanın rolunu və ənənəvi məktəb sisteminin gələcəyini yenidən gündəmə gətirir. Bu model şagirdlərin bilik səviyyəsinə, öyrənmə sürətinə və fərdi ehtiyaclarına uyğun dərs proqramlarının hazırlanmasını nəzərdə tutur. Süni intellektin tədris prosesində istifadəsi mövzuların daha çevik mənimsənilməsi və şagirdlərin fərdi inkişafının izlənməsi baxımından imkanlar yaratsa da, müəllim-şagird ünsiyyəti, sosial bacarıqların formalaşması və biliklərin obyektiv qiymətləndirilməsi ilə bağlı suallar doğurur. Bu baxımdan, süni intellektin təhsildə tətbiqinin nə dərəcədə effektiv və etibarlı olduğu, eləcə də müəllimin rolunu hansı həddə qədər dəyişə biləcəyi müzakirə mövzusudur.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a təqdim etdiyi mövqeyində süni intellektin təhsildə tətbiqinin insan amilini arxa plana keçirməməli olduğunu vurğulayıb.

İlqar Orucovun fikrincə, şagirdlərin bilik əldə etməsi yalnız hazır məlumatların mənimsənilməsi ilə məhdudlaşmır. O, öyrənmə prosesində çətinliklərin aradan qaldırılmasının, səhvlərin təhlilinin və müəllimlə qarşılıqlı ünsiyyətin əhəmiyyətini qeyd edib: “İdrak psixologiyasında qəbul edilmiş qanunauyğunluqlara görə, fundamental bilik yalnız hazır cavabların mənimsənilməsi ilə deyil, çətinliklərin dəf edilməsi, səhvlərin təhlili və müəllimlə interaktiv dialoq prosesində mənimsənilir. Süni intellekt şagirdə daim onun fərdi xüsusiyyətlərinə uyğunlaşdırılmış rahat təlim trayektoriyası təklif etdikdə, uşaqlarda intellektual müqavimət və zehni iradənin formalaşması zəifləyə bilər. Nəticədə texnoloji tənbəllik və düşüncə passivliyi yaranması, mürəkkəb mətnləri təhlil etmək və fənlərarası əlaqələr qurmaq bacarıqlarının zəifləməsi riski meydana çıxır”.
Fəlsəfə doktoru hesab edir ki, təhsildə rəqəmsal alətlərin tətbiqi zamanı müəllimin istiqamətləndirici rolu qorunmalıdır. Onun sözlərinə görə, uşaqlar süni intellektdən istifadə etməklə yanaşı, məlumatları müstəqil qiymətləndirməyi, yaradıcı tapşırıqları sərbəst yerinə yetirməyi və akademik etikaya riayət etməyi də öyrənməlidirlər.
İlqar Orucov məktəbin yalnız akademik biliklərin əldə edildiyi məkan olmadığını da vurğulayıb. O bildirib ki, uşaqların ünsiyyət, empatiya, komanda işi və münaqişələrin həlli kimi bacarıqları da təhsil mühitində formalaşır: “Məktəb sistemi sadəcə akademik bilik verilən məkan deyil, fərdlər arasında dözümlülük, empatiya, tolerantlıq və birgəyaşayış mədəniyyətinin təcrübədən keçirildiyi əsas sosiallaşma ocağıdır. Müəllimin canlı pedaqoji iştirakının minimuma endirildiyi və sinif mühitinin rəqəmsal cihazlarla əvəz olunduğu model uşaqlarda sosial adaptasiya problemlərinə yol aça bilər. Şagirdlər canlı debat, şifahi təqdimat və qrup daxilində komanda işi imkanlarından məhrum olduqda, gələcəkdə əmək bazarında tələb olunan liderlik, ünsiyyət və böhranların idarə edilməsi bacarıqlarını qazanmaqda çətinlik çəkə bilərlər”.
İlqar Orucovun qənaətinə görə, süni intellektin təhsilə inteqrasiyası texnologiya ilə müəllim arasında seçim kimi deyil, onların imkanlarını uzlaşdıran yanaşma əsasında qurulmalıdır: “Universitetlər və ümumi təhsil müəssisələri gənc nəslin formalaşması üçün rəqəmsal imkanlarla canlı insan amili arasında balansı təmin edən hibrid modellərə üstünlük verməlidirlər. Sinif otaqlarında müəllim və şagird arasındakı canlı mənəvi bağ isə hər zaman qorunmalıdır”.
İKT eksperti Vüsal Məmmədzadə açıqlamasında süni intellektin müəllimi əvəz edən deyil, onun fəaliyyətini dəstəkləyən vasitə kimi tətbiqini daha məqsədəuyğun hesab etdiyini bildirib.

Ekspert süni intellektin əsas üstünlüyünün şagirdlərin fərqli bilik səviyyələrinə uyğunlaşmaq imkanında olduğunu vurğulayıb: “Süni intellektin təhsildə ən böyük üstünlüyü hər şagirdin səviyyəsinə və öyrənmə sürətinə uyğun dəstək göstərə bilməsidir. Məsələn, sinifdə bir şagird kəsrləri artıq başa düşür, digəri isə hələ bölmə əməlində çətinlik çəkir. Düzgün qurulmuş sistem onların cavablarını təhlil edib birinə daha mürəkkəb tapşırıq, digərinə isə əlavə izah və məşq verə bilər. Müəllimin böyük sinifdə hər şagirdə eyni anda bu qədər fərdi vaxt ayırması çətindir”.
Vüsal Məmmədzadə texnologiyanın tapşırıqları sürətlə həll etməsinin şagirdin mövzunu dərindən mənimsədiyi anlamına gəlmədiyini qeyd edib: “Amma effektivliklə etibarlılığı ayrı qiymətləndirmək lazımdır. Proqramın tapşırığı sürətlə həll etdirməsi uşağın mövzunu dərindən mənimsədiyini göstərmir. Əsas meyar şagirdin sonradan süni intellektin köməyi olmadan həmin məsələni həll etməsi, cavabını izah etməsi və öyrəndiyini başqa vəziyyətə tətbiq edə bilməsidir. Sistem hazır cavab vermək əvəzinə uşağı düşünməyə yönəltməlidir”.
İKT eksperti istifadə olunan texnologiyanın növünün də əhəmiyyətli olduğunu bildirib: “Generativ süni intellekt yanlış məlumatı inandırıcı formada təqdim edə bilər. Tapşırıq seçən sistem isə uşağın səviyyəsini yanlış qiymətləndirə bilər. Buna görə tədris məzmunu pedaqoqlar tərəfindən yoxlanmalı, müəllim sistemin qərarlarını izləyə və lazım gəldikdə dəyişə bilməlidir”.
Vüsal Məmmədzadə müəllimin rolunun yalnız məlumat verməklə məhdudlaşmadığını vurğulayıb: “Bunları yalnız cavabların düzgünlük faizi ilə anlamaq mümkün deyil. Məktəb həm də ünsiyyət, əməkdaşlıq və sosial inkişaf mühitidir. Mövcud araşdırmalar süni intellektin bu funksiyaları bütövlükdə əvəz edə bildiyini göstərmir”.
Ekspert uşaqların şəxsi məlumatlarının qorunmasının vacibliyinə də diqqət çəkib: "Valideynlər məlumatların necə toplandığını və kimlərə açıq olduğunu bilməli, tədris və qiymətləndirmə qərarlarına görə məsuliyyət isə məktəbin və pedaqoqların üzərində qalmalıdır. Hazırda daha əsaslandırılmış yanaşma müəllimlə süni intellektin birgə fəaliyyətidir: “Texnologiya bilik boşluqlarını müəyyənləşdirməkdə, fərdi məşqlər hazırlamaqda və geribildirim verməkdə faydalı ola bilər. Bu imkanlar müəllimə hər uşağa daha çox diqqət ayırmaq üçün vaxt qazandırmalıdır. Müəllimi tam əvəz etmək barədə qərar üçün isə müxtəlif yaş və ehtiyac qruplarında uzunmüddətli, müstəqil qiymətləndirmələrə ehtiyac var”.
Nigar Xəlilli
17:20 29.10.2026
Oxunuş sayı: 101