Ərdoğan: Heç bir qüvvə bizi milli hədəfimizdən döndərə bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin “Türkiyə Əsri” hədəfinə çatmaq üçün qətiyyətlə fəaliyyətini davam etdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Ərdoğan bu fikirləri oktyabrın 29-da Türkiyə Respublikasının elan edilməsinin 103-cü ildönümü münasibətilə Anıtqəbirə səfəri zamanı səsləndirib.
Ankarada keçirilən rəsmi mərasim dövlət rəsmilərinin Aslan Yolu boyunca yürüşü ilə başlayıb. Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cövdət Yılmaz, siyasi partiyaların rəhbərləri, Nazirlər Kabinetinin üzvləri, ali məhkəmə orqanlarının nümayəndələri və hərbi rəhbərlik iştirak edib.
Ərdoğan Mustafa Kamal Atatürkün məqbərəsinə ay-ulduz təsvirli çələng qoyub. Daha sonra bir dəqiqəlik sükut elan edilib və Türkiyənin Dövlət Himni səsləndirilib.
Dövlət başçısı və onu müşayiət edən nümayəndə heyəti daha sonra Misak-ı Milli Qülləsinə keçib.
Ərdoğan Anıtqəbirin xatirə kitabına yazdığı müraciətdə Türkiyə Respublikasının yaradılmasının 103-cü ildönümündə Mustafa Kamal Atatürkü, onun silahdaşlarını və şəhidlərin xatirəsini ehtiramla andığını bildirib.
Prezident Türkiyəni daha firavan və uğurlu gələcəyə aparmaq üçün müxtəlif istiqamətlərdə intensiv fəaliyyət göstərdiklərini vurğulayıb.
O, Atatürkün 1922-ci il martın 1-də Türkiyə Böyük Millət Məclisində söylədiyi milli məqsədlər uğrunda mübarizədən geri çəkilməmək barədə fikirlərini xatırladaraq bildirib:
“Milli amalımız hesab etdiyimiz ‘Türkiyə Əsri’ hədəfinə çatana qədər qətiyyətlə çalışmağa davam edəcəyik”.
17:58 29.10.2026
Oxunuş sayı: 821