Evlənənlərin yarısından çoxu boşanır - Ekspertlərdən həll yolu
Ailə bir vaxtlar ömürlük bağlılığın, qarşılıqlı sədaqətin və çətinliklərə birlikdə sinə gərməyin simvolu hesab olunurdu. Bu gün isə münasibətlərdə yaranan problemlər getdikcə daha çox ailənin dağılması ilə nəticələnir. Dövlət Statistika Komitəsinin paylaşdığı son məlumatlara görə, ailə quranların 51 faizinin boşanması ilə bağlı göstərici cəmiyyətdə ciddi narahatlıq doğurur. Üstəlik, boşanmalar artıq yalnız gənc ailələr arasında müşahidə olunan problem deyil. İllərlə birlikdə yaşayan, övlad böyüdən, həyatın müxtəlif sınaqlarından keçən yetkin və yaşlı insanların da ayrılmağa qərar verməsi bu məsələnin daha dərin səbəblərdən qaynaqlandığını göstərir. Maddi çətinliklər, qarşılıqlı anlaşmanın zəifləməsi, xəyanət, ailədaxili münaqişələr və dəyişən həyat düşüncəsi münasibətlərin davamlılığına təsir edən amillər sırasında yer alır. Bəs ailələri dağılma həddinə gətirən əsas səbəblər nədir və artan boşanmaların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, Azərbaycanda boşanmaların artması ailə institutunun möhkəmləndirilməsi baxımından ciddi narahatlıq doğuran məsələdir: "Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Boşanmaların sayının nikahların sayına nisbətinin 50,1 faiz təşkil etməsi diqqətəlayiq göstəricidir. Bununla belə, bu rəqəmi eyni dövrdə bağlanan nikahların yarısının boşanması kimi qiymətləndirmək düzgün olmaz. Hesab edirəm ki, boşanmaların artmasının arxasında bir sıra sosial, iqtisadi və psixoloji amillər dayanır. Ailə qurmağa hazırlığın yetərli olmaması, qarşılıqlı etimadın zəifləməsi, ailədaxili ünsiyyət problemləri və məsuliyyət bölgüsü ilə bağlı fikir ayrılıqları bu prosesə təsir göstərir. Eyni zamanda, müasir dövrdə insanların ailə münasibətlərindən gözləntiləri dəyişir və bu dəyişikliklərə uyğunlaşmaq bacarığı xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə sosial şəbəkələrin təsirini də nəzərdən qaçırmaq olmaz. Virtual məkanda nümayiş etdirilən qeyri-real həyat standartları, münasibətlərin yanlış təqdimatı və başqalarının həyatı ilə davamlı müqayisə bəzən ailələrdə əsassız gözləntilər və narazılıqlar yaradır. Sosial şəbəkələrdən həddindən artıq istifadə həyat yoldaşları arasında ünsiyyətə və qarşılıqlı diqqətə də mənfi təsir göstərə bilər. Bununla belə, sosial şəbəkələri boşanmaların əsas və ya yeganə səbəbi kimi təqdim etmək də doğru deyil. Onlar mövcud problemləri dərinləşdirə bildiyi kimi, düzgün istifadə olunduqda maarifləndirmə və sağlam ailə münasibətlərinin təşviqi üçün də imkan yara bilir. Boşanmaların uzun illər birgə yaşamış insanlar arasında da müşahidə olunması göstərir ki, ailə münasibətlərinin qorunması davamlı diqqət, qarşılıqlı hörmət və məsuliyyət tələb edir. Ailənin möhkəmliyi yalnız ənənələrin qorunmasından deyil, tərəflərin bir-birini dinləməsindən, problemləri dialoq yolu ilə həll etməsindən və ortaq məsuliyyət daşımasından asılıdır".

Deputat qeyd edib ki, problemin həlli üçün gənclərin ailə həyatına hazırlanması, ailə psixologiyası üzrə maarifləndirmənin gücləndirilməsi və peşəkar məsləhət xidmətlərinin əlçatanlığının artırılması vacibdir: "Eyni zamanda, məşğulluq və mənzil təminatı kimi sosial məsələlərin həlli, ailə münaqişələrinin erkən mərhələdə aradan qaldırılması və rəqəmsal mədəniyyətin inkişafı istiqamətində sistemli tədbirlər görülməlidir. Dövlət qurumları, təhsil müəssisələri, media və vətəndaş cəmiyyəti bu sahədə əlaqəli fəaliyyət göstərməlidir. Əsas məqsədimiz yalnız boşanmaların sayını azaltmaq deyil, sağlam, dayanıqlı və təhlükəsiz ailələrin formalaşmasına şərait yaratmaq olmalıdır. Ailə institutunun qorunması insanların hüquqlarına, ləyaqətinə və təhlükəsizliyinə hörmət prinsipi əsasında həyata keçirilməlidir. Güclü ailə qarşılıqlı etimadın, məsuliyyətin və sağlam münasibətlərin üzərində qurulur. Ailə dəyərlərinin qorunması isə həm dövlətin, həm cəmiyyətin, həm də hər birimizin üzərinə düşən mühüm vəzifədir".
Milli Məclisin deputatı Elnarə Akimova isə açıqlamasında qeyd edib ki, boşanmaların artmasının kökündə ailə dəyərlərinə münasibətin dəyişməsi, qarşılıqlı hörmətin və məsuliyyət hissinin zəifləməsi dayanır:

"Ailə qurmaq yalnız sevgi və hisslər üzərində qərar vermək deyil, həm də ortaq həyatın çətinliklərini bölüşmək, güzəştə getmək və bir-birinin məsuliyyətini daşımaq iradəsidir. Təəssüf ki, bəzən insanlar ailə qurmağa hazır olsalar da, ailəni qorumağın tələb etdiyi mənəvi yetkinliyə hazır olmurlar. Maddi sıxıntılar, xəyanət, qısqanclıq, qohum müdaxiləsi və problemləri dialoq yolu ilə həll etmək bacarığının çatışmazlığı da münasibətləri uçuruma aparır. Boşanmaların uzun illər birgə yaşamış insanlar arasında da artması problemin daha dərin olduğunu göstərir. Deməli, söhbət yalnız gənclərin təcrübəsizliyindən getmir; zamanında həll edilməyən problemlər, dəyişən gözləntilər və emosional uzaqlaşma da ailələri dağıda bilir. Bununla yanaşı, hər boşanmanı mənəvi uğursuzluq kimi qiymətləndirmək doğru deyil. Əksinə, bu halda həqiqətən ən məqsədəuyğun qərar boşanmaqdır. Çünki zorakılığın, təhqirin və davamlı psixoloji təzyiqin hökm sürdüyü ailədə ayrılıq bəzən insanın özünü qoruması üçün zəruri addımdır. Əsas məsələ nikahların sayını formal şəkildə qorumaq deyil, sağlam və təhlükəsiz ailə münasibətlərini təşviq etməkdir. Bunun yolu ailə məsuliyyətinin nikahdan əvvəl dərk edilməsindən, gənclərin ailə həyatına hazırlanmasından, psixoloji dəstəyin əlçatanlığından və sosial problemlərin azaldılmasından keçir. Ailə münaqişələri böhran həddinə çatmamış tərəflərə peşəkar dəstək göstərilməsi bir çox münasibətin qorunmasına kömək edə bilər. Eyni zamanda, uşaqlara erkən yaşlardan qarşılıqlı hörmət, məsuliyyət, sədaqət və münaqişələri zorakılıqsız həll etmək mədəniyyəti aşılanmalıdır. Unutmamalıyıq ki, ailə yalnız iki insanın şəxsi münasibəti deyil, cəmiyyətin mənəvi təməlidir. Sevgi ailənin başlanğıcıdır, lakin onu yaşadan gündəlik qayğı, etibar, səbir və qarşılıqlı məsuliyyətdir. Ailəni qorumaq üçün yalnız çağırışlar etmək kifayət deyil, insanlara sağlam münasibət qurmağı öyrətmək, problemlərini həll etmək üçün real imkanlar yaratmaq lazımdır. Çünki güclü cəmiyyətin təməlində yalnız qurulan ailələr deyil, qarşılıqlı hörmət və etimad üzərində yaşadılan ailələr dayanır".
Sosioloq Nailə İsmayılova bildirib ki, Azərbaycanda boşanmaların artmasını yalnız ailədaxili münaqişələrlə və ya insanların bir-birinə qarşı səbrinin azalması ilə izah etmək düzgün olmaz: "Bu prosesin arxasında həm sosial-iqtisadi çətinliklər, həm psixoloji amillər, həm də ailə münasibətlərinə yanaşmanın dəyişməsi dayanır. İlk növbədə, bir məqama diqqət yetirmək lazımdır: ailəni dağıdan çox vaxt bir mübahisə deyil, uzun müddət həll edilməyən problemlərin yığılmasıdır. Maddi çətinliklər, mənzil problemi, işsizlik, ailə büdcəsinin idarə olunmasında fikir ayrılıqları, qısqanclıq, xəyanət, qarşılıqlı hörmətsizlik və qohumların ailə həyatına həddindən artıq müdaxiləsi münasibətlərdə ciddi gərginlik yaradır. Lakin bunların heç biri bütün ailələr üçün eyni dərəcədə həlledici deyil. Hər ailənin özünəməxsus problemləri və münaqişə səbəbləri var. Digər mühüm səbəb ailə qurmağa hazırlığın kifayət qədər olmamasıdır. Bəzən gənclər evliliyə sevgi və emosional bağlılıq əsasında qərar versələr də, birgə həyatın məsuliyyətini, gündəlik qayğılarını, maliyyə öhdəliklərini və kompromisə getməyin əhəmiyyətini tam dərk etmirlər. Ailə yalnız hisslər üzərində deyil, həm də məsuliyyət, etimad, qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulmalıdır. Sevgi ailənin başlanğıcıdır, amma onun davamlılığı üçün sağlam ünsiyyət və ortaq məsuliyyət lazımdır. Müasir dövrdə qadınların iqtisadi müstəqilliyinin və hüquqi məlumatlılığının artması da boşanma qərarlarına təsir edən amillərdəndir. Əvvəllər bəzi qadınlar maddi asılılıq, cəmiyyətin qınağı və övladlarının gələcəyi ilə bağlı narahatlıqlar səbəbindən dözülməz münasibətlərdə qalmağa məcbur olurdular. Bu gün isə öz hüquqlarını bilən və iqtisadi imkanları olan qadınların zorakılıq, təhqir və alçaldılma ilə barışmaması təbii və qanuni seçimdir. Buna görə də boşanma göstəricilərini qiymətləndirərkən hər boşanmanı uğursuzluq kimi təqdim etmək olmaz. Bəzən nikahın bitməsi insanın təhlükəsizliyini, ləyaqətini və psixoloji sağlamlığını qorumağın zəruri yoluna çevrilir. Məni xüsusilə düşündürən məqamlardan biri də boşanmaların yalnız gənc ailələrlə məhdudlaşmaması, uzun illər birgə yaşamış, yetkin və yaşlı insanların münasibətlərində də ayrılıqların baş verməsidir. Uzun müddət davam edən nikah həmişə sağlam və xoşbəxt münasibət demək deyil. Bəzi ailələr övladlara görə, maddi asılılıqdan, cəmiyyətin münasibətindən və ya tək qalmaq qorxusundan birgə yaşamağa davam edirlər. Övladlar böyüyüb müstəqil həyata başlayanda isə illərlə ertələnmiş problemlər daha qabarıq görünür. İnsanların ömrün sonrakı mərhələlərində də hörmət, mənəvi yaxınlıq və rahat həyat axtarması başadüşüləndir. Bununla belə, yaşlılar arasında boşanmaların artdığını demək üçün müvafiq yaş qrupları üzrə statistik göstəricilərin ayrıca müqayisəsi vacibdir".

Sosioloq bildirib ki, boşanmaların qarşısını almaq üçün ilk növbədə ailə institutunu yalnız ənənəvi dəyərlər və nəsihətlərlə qorumağa çalışmaq kifayət etmir: "Ailəni qorumaq istəyiriksə, insanlara yalnız necə evlənməyi deyil, necə sağlam münasibət qurmağı da öyrətməliyik. Mən bir neçə istiqaməti xüsusilə vacib hesab edirəm. Birincisi, nikaha hazırlaşan gənclər üçün ailə həyatı, konfliktlərin idarə olunması, maliyyə planlaşdırılması, valideynlik məsuliyyəti və hüquqi öhdəliklər barədə maarifləndirici proqramlar genişləndirilməlidir. Bu proqramlar formal mühazirələrdən ibarət olmamalı, real həyat situasiyalarını əhatə etməlidir. İkincisi, ailə psixoloqu və mediator xidmətlərinə əlçatanlıq artırılmalıdır. Cütlüklər münasibətlərində ciddi problem yarandıqda, ayrılıq qərarından əvvəl peşəkar dəstək ala bilməlidirlər. Bunun üçün dövlət və bələdiyyə səviyyəsində, eləcə də sosial xidmətlər və QHT-lər vasitəsilə əlçatan məsləhət mexanizmləri formalaşdırıla bilər. Ancaq bir şərtlə: ailənin qorunması adı altında zorakılığa məruz qalan şəxslər barışmağa məcbur edilməməlidir. Belə hallarda ilk prioritet təhlükəsizlik və hüquqların müdafiəsidir. Üçüncüsü, ailələrin sosial rifahı gücləndirilməlidir. Gənclərin mənzilə çıxış imkanları, sabit məşğulluğu, gəlirlərinin ailə xərclərinə uyğunluğu və uşaqların qayğısı ilə bağlı dəstək mexanizmləri ailədaxili gərginliyin azalmasına kömək edə bilər. Maddi problemlər bütün boşanmaların səbəbi deyil, lakin iqtisadi təzyiq münasibətlərdəki mövcud problemləri dərinləşdirə bilər. Dördüncüsü, ailədə məsuliyyət bölgüsü yenidən düşünülməlidir. Ev işləri, uşaqların tərbiyəsi və ailənin gündəlik qayğıları yalnız qadının üzərinə düşməməlidir. Kişi və qadın ailədə bərabərhüquqlu tərəfdaşlar kimi çıxış etməli, qərarları birgə qəbul etməlidirlər. Ailədə hökmranlıq deyil, tərəfdaşlıq prinsipi möhkəmlənməlidir. Beşincisi, valideynlərin gənc ailələrin həyatına müdaxiləsi məsələsinə diqqət yetirilməlidir. Böyüklərin məsləhəti və dəstəyi dəyərlidir, lakin yeni qurulan ailənin bütün qərarlarını valideynlərin verməsi düzgün deyil. Gənc cütlüklər öz sərhədlərini müəyyənləşdirməyi və problemlərini ilk növbədə öz aralarında müzakirə etməyi bacarmalıdırlar. Nəhayət, boşanmaların səbəbləri yalnız ümumi rəqəmlərlə deyil, sosial tədqiqatlarla da öyrənilməlidir. Nikahın müddəti, tərəflərin yaşı, iqtisadi vəziyyəti, uşaqların olub-olmaması, münaqişələrin xarakteri və yardım xidmətlərinə çıxış imkanları araşdırılmadan universal həll yolu müəyyənləşdirmək çətindir. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: nikahların 51 faizinin boşanması barədə göstərici təqdim edilərkən onun necə hesablandığı mütləq dəqiqləşdirilməlidir. Eyni dövrdə qeydə alınan boşanmaların nikahların sayına nisbəti həmin dövrdə evlənən cütlüklərin 51 faizinin gələcəkdə boşanacağı demək deyil. Bu fərqi nəzərə almadan rəqəmi şərh etmək cəmiyyətdə yanlış təsəvvür yarada bilər. Mənim qənaətim budur ki, boşanmaların qarşısını yalnız insanlara səbirli olmağı tövsiyə etməklə almaq mümkün deyil. Sağlam ailə üçün sevgi ilə yanaşı, iqtisadi sabitlik, psixoloji yetkinlik, hüquqi savadlılıq, qarşılıqlı hörmət və problemləri vaxtında həll etmək bacarığı lazımdır. Məqsəd boşanma sayını istənilən yolla azaltmaq deyil, daha çox ailənin sağlam, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına nail olmaqdır. Çünki ailənin möhkəmliyi insanların nikahda sadəcə qalması ilə deyil, həmin nikahda özlərini nə qədər güvənli, dəyərli və xoşbəxt hiss etmələri ilə ölçülməlidir".
Nuray Oqtayqızı
17:50 29.10.2026
Oxunuş sayı: 61