Türkiyə və Özbəkistan arasında 5 saziş imzalanıb
Türkiyə və Özbəkistan arasında ticarət, sosial təminat və biznes sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan beş saziş imzalanıb.
Crossmedia.az xəbər verir ki, sənədlər oktyabrın 29-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşündən sonra imzalanıb.
Sazişlərdən ikisi ticarət sahəsini əhatə edir. Bunlardan biri sərhədlərdən keçən nəqliyyat vasitələri və mallar barədə ilkin məlumat mübadiləsi protokoluna dəyişiklikləri, digəri isə iki ölkə arasında Preferensial Ticarət Sazişinə düzəlişləri nəzərdə tutur.
Bundan əlavə, tərəflər sosial təminat haqqında saziş və onun tətbiqinə dair inzibati razılaşma imzalayıblar. Bu sənədlərin sosial təminat sahəsində ikitərəfli əməkdaşlığın tənzimlənməsinə xidmət edəcəyi bildirilir.
Beşinci sənəd isə biznes sahəsinə dəstək üzrə Yüksək Səviyyəli Şuranın yaradılmasını nəzərdə tutur. Razılaşmanı hər iki ölkənin prezidentləri imzalayıblar.
18:46 29.10.2026
Oxunuş sayı: 55