Qətər İsraildəki seçkilərə müdaxilə ittihamlarını rədd edib
Qətər Xarici İşlər Nazirliyi Dohanın İsraildə keçirilən seçkilərə müdaxilə etməsi və nəticələrə təsir göstərmək məqsədilə maliyyə vəsaiti ayırması barədə iddiaları qətiyyətlə rədd edib.
Crossmedia.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bu barədə açıqlama verib.
Nazirliyin nümayəndəsi İsrail siyasətçilərini və media təmsilçilərini Qətər haqqında dezinformasiya yaymaqda ittiham edib.
O bildirib ki, bəzi siyasi dairələr öz uğursuzluqlarına görə məsuliyyəti Qətərin üzərinə qoymağa çalışırlar.
“Əvvəlcə Qətəri Netanyahunu, sonra İsrail solunu, indi isə ərəb seçicilərin səslərini satın almaqda ittiham etdilər. Əgər bu iddialar doğru olsaydı, görünür, Qətər bütün İsrailə sahib olardı”, – deyə sözçü bildirib.
Qeyd edək ki, İsraildə seçkilərə mümkün xarici müdaxilə ilə bağlı iddialar araşdırılır. İsrailin Mərkəzi Seçki Komissiyası indiyədək səsvermənin nəticələrinə sistemli müdaxilə olunduğuna dair təsdiqlənmiş məlumatın olmadığını açıqlayıb.
16:40 29.10.2026
Oxunuş sayı: 48