Son zamanlar Rusiyanın miqrasiya siyasətində kəskin sərtləşmə və inzibati təzyiqlərin artması ölkənin əmək bazarında əsl xaos və dərin iqtisadi böhran yaradıb. Moskva və digər iri sənaye mərkəzlərində xidmət, tikinti və kommunal sahələrdə illərdir çalışan Mərkəzi Asiya və digər postsovet ölkələrindən olan yüz minlərlə əməkçi miqrant polis basqınları, sərt hüquqi tələblər, kütləvi irqçi-antimiqrant əhval-ruhiyyəsi və Rusiya-Ukrayna müharibəsinə cəlb olunma təhlükəsi səbəbindən ölkəni kütləvi şəkildə tərk etməyə başlayıb. Kreml hökumətinin əmək bazarında yaranan dəhşətli boşluğu Şimali Koreya, Hindistan və Çindən gətirilən işçi qüvvəsi hesabına doldurmaq cəhdləri isə tamamilə iflasa uğrayıb. Miqrantları ölkə iqtisadiyyatına məcburi şəkildə "faydalı kontingent" kimi inteqrasiya etməyə çalışan Rusiya hakimiyyətinin bu sərt xətti faktiki olaraq həm xidmət sektorunun iflic olmasına, həm də ölkədəki demoqrafik balansa ağır zərbə vurur.
Mövzu ilə bağlı
Crossmedia.az-a açıqlama verən
Milli Məclisin deputatı Azər Allahverənov Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətləri, kadr qıtlığının səbəblərini və miqrantların üzləşdiyi çətinlikləri ətraflı şərh edib:

"Rusiya əmək bazarında, xüsusilə Moskva və digər iri şəhərlərdə miqrantlara qarşı yürüdülən sərt siyasət nəticəsində çox ciddi proseslər müşahidə olunur. Zamanında Mərkəzi Asiya dövlətlərindən olan miqrantların geniş təmsil olunduğu xidmət və kommunal sahələrdə indi çoxsaylı iş yerləri boş qalıb, amma bu boşluğu doldura biləcək kadr kontingenti yoxdur. Rusiya hökuməti Şimali Koreya, Hindistan və Çindən olan işçilərlə bu disbalansı aradan qaldırmağa çalışsa da, bu plan alınmadı. Rəsmi və qeyri-rəsmi kanallardan gələn məlumatlar açıq-aşkar göstərir ki, əmək bazarının miqrantlara böyük ehtiyacı var. Lakin hökumət miqrasiya şərtlərini daha da ağırlaşdırır. Məqsəd miqrantları iqtisadiyyata maksimal töhfə verməyə məcbur etməkdir — 18 yaşı çatmış hər bir miqrant və onun ailə üzvləri işləməli və ya təhsil almalıdır. Lakin bu təzyiq, davam edən Rusiya-Ukrayna müharibəsinə cəlb olunma qorxusu və cəmiyyətdəki antimiqrant ksenofobiya insanları ölkəni tərk etməyə vadar edir".
Azər Allahverənov miqrantların kütləvi gedişinin Rusiyanın demoqrafik vəziyyətinə və sosial mühitinə vuracağı zərbəni də vurğulayıb:
"İndi miqrantlar Rusiyada uzunmüddətli qalmaq yerinə, qısamüddətli işləyib geri dönməyə üstünlük verirlər. Metrolarda və ictimai yerlərdə miqrantlara, o cümlədən Afrika və Asiyadan olan şəxslərə müntəzəm basqınlar edilir. Miqrant ailələrinin ölkəni tərk etməsi, qarışıq nikahlardan doğulan uşaqların getməsi Rusiyanın bütövlükdə demoqrafik mənzərəsinə çox mənfi təsir göstərir. Siyasi dairələrin bu mövzunu qızıştırması gərginliyi artırır. Miqrantlar üçün adekvat şərait yaradılmazsa, onlar kütləvi şəkildə Rusiya ərazisini tərk edəcəklər ki, bu da bütün iri şəhərlərin iqtisadiyyatını çətin vəziyyətə salacaq".
Politoloq İlqar Vəlizadə isə Rusiyanın daxili siyasi gərginliyini və Mərkəzi Asiya ölkələrinin alternativ bazarlara yönəlməsini diqqətə çatdırıb:
"Rusiyanın miqrasiya siyasətinin sərtləşməsi daha çox daxili siyasi amillərlə bağlıdır. Regionlarda miqrantların çoxluq təşkil etməsi yerli əhalinin narazılığına səbəb olur. Yerli əhali hesab edir ki, gəlmələr ucuz işçi qüvvəsi kimi rəqabəti artırır və yerli kadrların əlverişli şərtlərlə işləməsinə mane olur. Lakin bu gərginlik fonunda Mərkəzi Asiya respublikaları üçün Rusiya artıq alternativsiz bazar deyil. Məsələn, Özbəkistandan olan işçilər artıq Qazaxıstana, Avropa ölkələrinə üz tuturlar. Özbəkistanda və Qırğızıstanda xarici dil kurslarına tələbat kəskin artıb, əmək miqrasiyasının strukturu kökündən dəyişir".
Politoloq Türk dünyasının vahid əmək bazarı yaratmaq istiqamətindəki addımlarını xüsusi vurğulayaraq fikrini yekunlaşdırıb:
"Son illərdə Türk dövlətləri arasında əsas müzakirə mövzularından biri Türk dünyasının vahid əmək bazarının təkmilləşdirilməsi və türkdilli ölkələrin işçi qüvvəsi üçün münbit şəraitin yaradılmasıdır. Bu istiqamətdə proseslər sürətlə inkişaf edəcək. Rusiya isə yaranmış bu yeni reallığa və kadr itkisinə adaptasiya olunmağa məcburdur. Bu prosesin Rusiya iqtisadiyyatı üçün hansı ağır fəsadlar verəcəyini isə yakın zaman göstərəcək".
Zeynəb Həsən