Ukrayna Rusiyanın aviasiya zavoduna hücum edib
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) oktyabrın 26-na keçən gecə Rusiyanın Voronej şəhərində yerləşən aviasiya və kimya sənayesi müəssisələrinə hücum etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “UNIAN” agentliyi bu barədə məlumat yayıb.
Rusiya sosial media kanallarında yayılan məlumatlara görə, hücumun hədəflərindən biri Voronej Səhmdar Təyyarəqayırma Cəmiyyəti (VASO) olub.
Rusiyanın “İl” şirkətinin strukturuna daxil olan müəssisə aviasiya texnikası və təyyarə komponentlərinin istehsalı üzrə ixtisaslaşıb.
Bundan əlavə, “Voronejsintezkauçuk” müəssisəsinin də hücuma məruz qaldığı bildirilir. Kimya sənayesi sahəsində fəaliyyət göstərən zavod sintetik kauçuk və polimer materialların istehsalı ilə məşğuldur.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev gecə saatlarında bölgənin kütləvi PUA hücumuna məruz qaldığını təsdiqləyib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri vilayət üzərində 113 pilotsuz uçuş aparatını məhv edib. Hücum nəticəsində bir neçə sənaye müəssisəsində yanğın baş verib.
Rusiya tərəfinin məlumatına əsasən, hücumlar nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bununla belə, yerli hakimiyyət orqanları zərər görən sənaye müəssisələrinin adlarını açıqlamayıblar. Aviasiya və sintetik kauçuk zavodlarının birbaşa zərbəyə məruz qalması barədə məlumatlar hələ müstəqil şəkildə təsdiqlənməyib.
11:11 26.10.2026
Oxunuş sayı: 56