Tramp İsrailin İrana hücum planını təxirə salıb
İsrailin İrana qarşı yeni hərbi zərbələr endirmək planı ABŞ Prezidenti Donald Trampın razılıq verməməsi və İsrailin Amerika hava hücumundan müdafiə sistemlərinin dəstəyinə ehtiyac duyması səbəbindən təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Nəşrin mənbələrinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu İrana yeni hücumların həyata keçirilməsində israr etsə də, Donald Tramp noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərindən əvvəl hərbi əməliyyatlara razılıq verməyib.
Bildirilir ki, İsrail son həftələrdə İrana qarşı əlavə zərbələrə hazırlaşaraq Vaşinqtondan hərbi dəstək istəyib. Lakin ABŞ rəsmiləri İsrailə yeni hücumları təxirə salmağı və mümkün birgə əməliyyatları gözləməyi tövsiyə ediblər.
Məlumata əsasən, İsrailin hücumları təxirə salmasının əsas səbəblərindən biri ABŞ-nin raketdən müdafiə sahəsindəki dəstəyinə ehtiyac duymasıdır. Müharibə nəticəsində İsrailin müdafiə sursatı ehtiyatlarına ciddi yük düşüb.
Ekspertlər hesab edirlər ki, İrana qarşı yeni hücumlar Tehran və Yəməndəki husilər tərəfindən cavab zərbələrinə səbəb ola bilər.
Hərbi planlardan məlumatlı mənbə “CNN”ə bildirib ki, əməliyyat hazırlıqları artıq tamamlanıb.
“Planlar hazırdır, Trampın razılığı gözlənilir. Bu, aralıq seçkilərindən sonra baş verə bilər”, – deyə mənbə vurğulayıb.
Qeyd olunur ki, İsrail və ABŞ mümkün birgə hərbi əməliyyatlara hazırlığı davam etdirirlər. Bununla belə, yeni hücumlarla bağlı yekun qərar hələ verilməyib.
10:52 26.10.2026
Oxunuş sayı: 83