“Starlink” məhdudiyyətləri Ukraynanın müdafiəsinə zərbə vura bilər
ABŞ-nin “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər Ukrayna üçün ciddi iqtisadi və hərbi nəticələrə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Rusiya proqramının direktoru Maks Berqmann bildirib ki, ABŞ-nin texnoloji dəstəyində yaranan fasilələr Ukraynaya ciddi zərbə vura bilər.
Ekspertlərin fikrincə, Vaşinqton Ukraynaya təsir göstərmək üçün iqtisadi, hərbi və siyasi olmaqla üç əsas təzyiq vasitəsindən istifadə edə bilər.
ABŞ administrasiyası 2025-ci ilin əvvəlində Ukraynaya yeni yardım paketlərinin ayrılmasını dayandırıb. Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Avropa İttifaqı ölkələri və qurumları 2022-ci ildən bəri Ukraynaya ümumilikdə azı 228,5 milyard dollar yardım göstərərək ABŞ-ni geridə qoyub.
Bununla belə, Avropadan Ukraynaya Amerika istehsalı olan silahların tədarükü üçün Pentaqonun razılığı tələb olunur. Bu isə Vaşinqtona əlavə təsir imkanları yaradır.
Məqalədə qeyd olunur ki, ABŞ-nin maliyyə dəstəyinin azalmasına baxmayaraq, Ukrayna hələ də Amerika kəşfiyyat məlumatlarından və texnologiyalarından ciddi şəkildə asılıdır. Xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri, “Starshield” hərbi peyk rabitəsi və raket hücumları barədə qabaqcıl xəbərdarlıq texnologiyalarını əvəz etmək imkanları məhduddur.
Maks Berqmannın sözlərinə görə, bu sistemlərin fəaliyyətində yaranan problemlər Ukrayna üçün dağıdıcı nəticələrə səbəb ola bilər.
“Bu, Ukraynaya böyük iqtisadi ziyan vura, çoxsaylı mülki şəxsin həyatını itirməsinə və əhalinin ölkəni tərk etməsinə səbəb ola bilər”, – deyə ekspert bildirib.
Mütəxəssislər hesab edirlər ki, ABŞ-nin dəstəklədiyi sistemlərdə əlavə məhdudiyyətlərin tətbiqi qısamüddətli perspektivdə Ukraynanın müdafiə imkanlarına ciddi təsir göstərə bilər. Uzunmüddətli perspektivdə isə Avropa ölkələrinin öz alternativ texnologiyalarının yaradılmasına daha çox vəsait ayıracağı gözlənilir.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi oktyabrın 24-də “Starshield” sisteminə çıxışın bərpa olunduğunu açıqlayıb. Bununla belə, rabitə sürətinin ölkənin bütün ərazilərində əvvəlki səviyyəyə qayıdıb-qayıtmadığı tam aydın deyil.
Bundan əvvəl “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna Silahlı Qüvvələri üçün “Starlink” xidmətinə tətbiq edilən məhdudiyyətlərlə bağlı tənqidlərə cavab verib.
Mask bildirib ki, Ukrayna hərbçiləri mülki məqsədlər üçün nəzərdə tutulan sistemdən hücum əməliyyatlarında istifadə etməklə xidmət şərtlərini pozublar. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına istinad edərək bu sistemin hücum məqsədilə istifadə olunduğunu iddia edib.
09:23 26.10.2026
Oxunuş sayı: 57