Qarğalar qərar verməkdə meymunları geridə qoydu: Cəmi 235 millisaniyə
Qarğalar vizual məlumatları qiymətləndirərək qərar verməkdə primatlarla eyni dəqiqlik nümayiş etdirir, lakin bunu təxminən iki dəfə daha sürətli bacarırlar.
Crossmedia.az xəbər verir ki, “Ars Technica” nəşri bu barədə məlumat yayıb.
Tübingen Universitetinin neyrobioloqu Andreas Nider və həmkarı Filip Şmidbauer iki qara qarğa üzərində təcrübə aparıblar. Əsirlikdə böyüdülən quşların qarşısına sensor ekran qoyulub. Ekranda qara fonda ağ nöqtələr göstərilib və onların bir hissəsi eyni istiqamətdə hərəkət edib.
Qarğalardan nöqtələrin ümumi hərəkət istiqamətini müəyyənləşdirərək ekranın kənarlarında yerləşən hədəflərdən birinə dimdikləri ilə toxunmaları tələb olunub. Düzgün cavab verdikdə quşlara yem kimi un qurdu verilib.
Təcrübə zamanı qarğaların nöqtələr görünəndən başlarını hədəfə doğru çevirməyə başlamalarınadək keçən orta müddət 235 millisaniyə olub. Meymunlarla aparılan oxşar təcrübələrdə isə qərar vermək üçün təxminən 410, 490 və 600 millisaniyə tələb olunub.
Alimlərin sözlərinə görə, qarğalar daha sürətli qərar versələr də, dəqiqlik baxımından geri qalmayıblar. Onlar mürəkkəb tapşırıqlarda da yüksək nəticə göstəriblər.
Tədqiqatçılar qarğaların sürətli reaksiyasını bir səbəblə izah etmirlər. Andreas Niderin fikrincə, quşlarda görmə, qərarvermə və hərəkətə cavab prosesləri məməlilərlə müqayisədə daha sürətli baş verə bilər.
Bunun mümkün səbəblərindən biri quşların beyninin quruluşudur. Bədən çəkisinin uçuş üçün məhdud olması səbəbindən quşların kiçik beynində çoxlu sayda xırda neyron yerləşir. Sinir hüceyrələri arasında siqnalları ötürən aksonlar da daha qısadır.
Digər amil isə bədən temperaturudur. İnsanlarda bədən temperaturu təxminən 36,6 dərəcə olduğu halda, quşlarda bu göstərici 41–42 dərəcəyə çata bilir. Daha yüksək temperatur orqanizmdə gedən kimyəvi prosesləri sürətləndirə bilər.
Bununla belə, alimlər qarğaların qərarvermə sürətinin onların beyninin ümumi fəaliyyət xüsusiyyətləri ilə, yoxsa digər quşlarla müqayisədə daha yüksək idrak qabiliyyəti ilə bağlı olduğunu hələ dəqiq müəyyən edə bilməyiblər.
04:00 26.10.2026
Oxunuş sayı: 54