Türkiyənin məşhur serialı “Aşk-ı Memnu”nun Braziliya versiyasının hazırlanacağı iddia edilir. Braziliyanın “Globo” media şirkəti ilə Türkiyənin “Ay Yapım” şirkəti MIPCOM 2026 sərgisində əməkdaşlığı yeniləyib.
Crossmedia.az xəbər verir ki, “Odatv” nəşrinin yazarı Sina Koloğlu “Globo” şirkətinin gələn mövsüm “Aşk-ı Memnu”nun Braziliya adaptasiyasını hazırlayacağını yazıb. Bununla bağlı şirkətlər hələlik rəsmi açıqlama verməyib.
Əməkdaşlıq çərçivəsində Braziliyanın “Fina Estampa” serialı Türkiyədə “Ömür Usta” adı ilə uyğunlaşdırılıb.
Türk seriallarının digər ölkələrdə yenidən çəkilməsi ilə bağlı daha bir layihə “Adını Feriha Koydum” serialıdır. Beynəlxalq distribütor “Madd Entertainment”in açıqlamasına görə, Türkiyənin “Medyapım” və İspaniyanın “Mediapro” şirkətləri serialın ispandilli versiyasını birgə hazırlayırlar.
Layihənin beynəlxalq yayımını da “Madd Entertainment” həyata keçirəcək.
Bu layihələr Türkiyə seriallarının yalnız xarici ölkələrə satılmadığını, həm də yerli televiziya bazarlarına uyğunlaşdırılaraq yenidən istehsal edildiyini göstərir.