Britaniya Yaşıllar Partiyası irqçilikdə ittiham olunub
Britaniya Yəhudiləri Deputatlar Şurası İngiltərə və Uels Yaşıllar Partiyasını antisemit mövqe sərgiləməkdə ittiham edərək onu irqçi təşkilat elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Qurumun qərarı Yaşıllar Partiyasının bu ay keçirilən konfransında “Sionizm irqçilikdir” adlı təklifin qəbul edilməsindən sonra verilib. Şuranın prezidenti Fil Rozenberqin sözlərinə görə, qərar 118 lehinə, 1 əleyhinə səslə qəbul olunub.
Yaşıllar Partiyasının nümayəndəsi isə təşkilatın sionist mövqeləri olan insanlara qarşı ayrı-seçkilik etmədiyini bildirib və Şuranın qərarını, eləcə də təklifə verdiyi qiyməti rədd edib. O əlavə edib ki, bu qərar partiyanın Qəzzada soyqırım iddialarına qarşı çıxış etməsinə və İsrail hökuməti ilə rəhbərlərinə qarşı daha sərt sanksiyalar tələb etməsinə mane olmayacaq. İsrail isə Qəzzadakı əməliyyatlarının soyqırım təşkil etdiyi iddialarını dəfələrlə rədd edib.
Deputatlar Şurası digər siyasi partiyaları Yaşıllar Partiyası ilə əməkdaşlıq etməməyə çağırıb və bunun üçün partiyanın sözügedən mövqedən imtina etməsini şərt kimi irəli sürüb.
23:13 25.10.2026
Oxunuş sayı: 67