Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib
Bakının Xətai rayonunda qətl hadisəsi və cinayətkar birliyin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində 11 nəfər həbs edilib.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, oktyabrın 23-də saat 00:10 radələrində Xətai rayonunun General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayev bıçaqlanaraq qətlə yetirilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əvvəlcədən planlaşdırılmasında iştirak etməkdə şübhəli bilinən 11 nəfər həbs edilib.
Onlar əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, həmçinin Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyevdir.
İstintaqın məlumatına görə, həmin şəxslər cinayətkar aləmin qaydalarına uyğun fəaliyyət göstərən birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinirlər.
Birliyin hədə-qorxu ilə pul tələb etmək, kriminal dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxslərə qarşı zorakılıq tətbiq etmək məqsədilə fəaliyyət göstərdiyi müəyyən edilib.
Bildirilib ki, həmin şəxslərin odlu və soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması ilə bağlı qanunsuz fəaliyyətlərdə iştirak etdiklərinə dair məlumatlar əldə olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həbs edilənlərin hər birinin hadisədə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətlərinin və əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
09:34 26.10.2026
Oxunuş sayı: 54