MEK-də “Hiperkitap” rəqəmsal platformasının nümayəndələri kitabxanaçılarla görüş keçirib
MEK-də “Hiperkitap” rəqəmsal platformasının nümayəndələri kitabxanaçılarla görüş keçirib.
Crossmedia.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Hiperkitap” rəqəmsal platformasının nümayəndələri ilə kitabxanaçılar arasında görüş keçirilib.
Görüşdə Türkiyənin rəqəmsal kitabxanaçılıq, nəşriyyat və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən Hiperlink şirkətinin direktoru Hayri Yavuz, şirkətin ən böyük platforması olan “Hiperkitap” verilənlər bazasının layihə müdiri İsmayıl İşleyen və şirkətin əməkdaşı Hilmi Oğuz iştirak ediblər. Tədbirə ölkənin müxtəlif kitabxanalarının rəhbər və nümayəndələri, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri, eləcə də kitabxanaçılıq sahəsini tədris edən müəllimlər qatılıblar.
Görüş çərçivəsində MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov qonaqları qəbul edib. Qarşılıqlı əməkdaşlıq əlaqələri, elektron informasiya resurslarının inkişafı və rəqəmsal kitabxana xidmətlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Daha sonra “Hiperkitap” platformasının nümayəndələri MEK-in rəqəmsal informasiya resursları və elektron kitabxana xidmətləri ilə tanış olublar. Qonaqlara kitabxananın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət, elektron resursların hazırlanması və idarə olunması, eləcə də rəqəmsallaşdırma sahəsində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib.
Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in direktoru Hüseyn Hüseynov çıxış edərək, Mərkəzi Elmi Kitabxananın beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, müasir rəqəmsal resurslardan istifadənin artırılmasına və kitabxana xidmətlərinin təkmilləşdirilməsinə xüsusi önəm verdiyini bildirib. O, Azərbaycandan “Hiperkitap” verilənlər bazasına üzv olan ilk kitabxananın AMEA-nın Mərkəzi Elmi Kitabxanası olduğunu diqqətə çatdıraraq bildirib ki, artıq MEK-in təqdim etdiyi 500-dən artıq kitab platformada geniş oxucu kütləsi üçün istifadəyə verilib. Direktor qeyd edib ki, dünyanın 100-dən artıq universitet və kitabxanasının üzv olduğu platforma ilə əməkdaşlıq Azərbaycan elminin, mədəniyyətinin və nəşr nümunələrinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir.
Hiperlink şirkətinin direktoru Hayri Yavuz çıxışında Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, “Hiperkitap” platformasının beynəlxalq informasiya mübadiləsindəki rolundan bəhs edərək, Azərbaycanla bağlı elektron resursların platformada daha geniş təmsil olunmasının ölkənin elmi və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyini bildirib. Hayri Yavuz bu istiqamətdə yerli kitabxanalar və nəşriyyatlarla əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra Hilmi Oğuz Türkiyənin ilk və ən böyük e-kitab bazası haqqında geniş təqdimatla çıxış edib. Platformanın imkanları, elektron nəşrlərin sistemləşdirilməsi və istifadəçilərə təqdim olunması mexanizmləri, eləcə də bu sahədə tətbiq olunan qabaqcıl təcrübələr haqqında ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. O, rəqəmsal resursların vahid platformada toplanmasının elmi və tədris fəaliyyətində informasiya əldə etmək imkanlarını genişləndirdiyini vurğulayıb. Həmçinin Azərbaycan kitabxanaları, ali təhsil ocaqları və nəşriyyatlarının platformada təmsil olunmasının yerli nəşrlərin əlçatanlığının artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bundan əlavə, əski əlifba ilə nəşr olunan materialların platformada tətbiq edilən süni intellekt vasitəsilə tərcüməsi elektron bazanın müasir dövrün tələblərinə uyğun üstünlüklərindən biri kimi qeyd edilib.
Çıxışında H. Oğuz, həmçinin müəllif hüquqlarının qorunmasının əhəmiyyətinə də toxunub.
Sonda kitabxanaçıları maraqlandıran suallar cavablandırılıb, rəqəmsal kitabxana xidmətlərinin inkişafı və elektron resurslardan istifadənin səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılıb.
11:20 26.10.2026
Oxunuş sayı: 53