Qız qalasının zirvəsindəki üçrəngli bayrağın sirli hekayəsi
Bəzən tarix qəhrəmanlarını elə səssiz-səmirsiz yaradır ki, onların adı illər sonra belə ürəyi sızladır. Cahid Hilaloğlu da belə adamlardan idi. 1928-ci ildə Ağdamda dünyaya göz açan bu adamın ömrü bir bayrağın ağırlığı altında keçdi. O bayraq ki, bir gecə Qız qalasının başına sancıldı, sonra isə onun sahibini ömür boyu təqib etdi, həbsxanalara saldı, işsiz qoydu və nəhayət, müstəqilliyə sayılı günlər qalmış “təsadüfi” bir avtomobil qəzasında həyatını aldı.
Cahid Hilal oğlu Şirinov yoxsul bir ailədə doğuldu. Atası neft mədənlərində işləyirdi. Kiçik yaşlarında ailə Bakıya köçdü. Lakin 13 yaşında – 1941-ci ildə – Sovet ordusu İranın şimalına, Güney Azərbaycana daxil olanda Cahid valideynlərindən xəbərsiz əsgərlərə qoşulub Arazı keçdi. İki il o taraflarda min bir əziyyətə qatlaşdı. Geri qayıdanda artıq uşaq deyildi. O, Vətənin ikiyə bölündüyünü, ananın oğula, bacının qardaşa həsrət qaldığını ürəyində daşıyırdı.
1947-ci ildə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil oldu. Orada taleyi onu Çingiz Abdullayevlə qarşılaşdırdı. İkisi də eyni yuxuları görürdü: demokratik seçkilər, müstəqil dövlət, üçrəngli bayraq. 1948-ci ildə “İldırım” qrupu ilə bağlı həbs olundular. Çingiz üç il cəza aldı, Cahid isə təhsilini davam etdirməyə icazə aldı. Amma ruhları sındırılmamışdı.
Və nəhayət, o tarixi gecə gəldi. 1957-ci il mayın 28-i. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü. Cahid və dostları qərar verdilər: Qız qalasının başına cümhuriyyətin üçrəngli bayrağını sancacaqlar. Sovet hakimiyyətinin qorxunc kölgəsi altında, Tbilisidə qocaların, qadınların, uşaqların qanına bələnmiş hadisələrin, Macarıstanın müstəqillik uğrunda mübarizəsinin boğulduğu günlərdə bu cəsarət demək olar ki, intihar idi. Amma onlar etdilər. Bayraq Qız qalasının zirvəsində dalğalandı.
Sonra isə hər şey dağıldı. Cahid həbs olundu. Azərbaycan SSR Ali Məhkəməsi onu 10 il azadlıqdan məhrum etmə, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrum etmə cəzasına məhkum etdi. Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsində illərini keçirdi. Soyuq, aclıq, təhqir… Amma o, bayrağın xəyalını ürəyində saxladı.
Azadlığa çıxanda (təxminən 1967-ci il) Bakıya qayıtdı. Lakin şəhər onu qəbul etmədi. “Azərbaycan xaini”, “düşmən” damğası alnına vurulmuşdu. Hara getsə, qapılar üzünə bağlanırdı. Xanımının dediyi kimi: “Deyirdi, mən neyləmişəm ki, düşmən olmuşam? Məni yanına salıb aparırdı kluba, mədəniyyət evinə… ‘Mənə iş verin, axı mən də insanam, mənim də ailəm var’… Vermədilər.”

1969-cu ildə İrəvandakı C. Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor kimi işə düzəldi. Sonra Bakıda Tədris Teatrında çalışdı. 1976-cı ildə isə doğma Ağdama qayıtdı. Yeni açılmış dövlət dram teatrında ömrünün sonuna qədər işlədi. Artistlər onu sevirdi, camaat başına yığılırdı. Amma o, artıq yorğun, tənha bir adam idi. Aktrisa Naibə Allahverdiyevanın ögey atası olmuşdu, amma özü haqqında çox danışmırdı.
1991-ci il mayın 28-də – Cümhuriyyətin 73-cü ildönümündə – Cahid son dəfə bayraq gününü qeyd etdi. Vətənin müstəqilliyinə sayılı aylar qalmışdı. O, yarım əsrlik mübarizəsinin bəhrəsini görəcəyi günə yaxınlaşırdı. Amma iki gün sonra, mayın 30-da nömrəsi bilinməyən bir “Volqa” avtomobili onu vurdu. “Təsadüfi” qəza… O dövrdə belə “təsadüflər” çox olurdu. Cahid Hilaloğlu Ağdamda, ata-anasının yanında dəfn olundu. Ailəsi hətta hadisədən bir qədər sonra xəbər tutdu.
Müstəqillik gəldi. Üçrəngli bayraq hər yerdə dalğalandı. Amma o bayrağı bir gecə Qız qalasının başına sancan adam artıq yox idi. O, özünün qaldırdığı bayrağın altında azadlığı görə bilmədi.
Cahid Hilaloğlu tamamlanmamış obrazdır. Nə roman yazıldı haqqında, nə film çəkildi, nə də adını küçələrə verdilər. O, tərk edilmiş qəhrəmandır. Bir anlıq inqilab edib, sonra unudulmuş makedoniyalı kimi… Amma hər dəfə Bayraq günü gələndə, Qız qalasına baxanda ürəkdə bir sızıltı qalır: o gecə orada 28 yaşlı bir gənc dayanmışdı. Köksünə sıxdığı ay-ulduzlu, üçrəngli bayrağı zirvəyə daşıyan gənc…
Nigar Xəlilli
18:30 08.09.2026
Oxunuş sayı: 47