Qəbul qaydaları yumşaldılmalıdır - Ekspert
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir. İxtisas qruplarının ləğvi, universitetlərə daha geniş müxtariyyət verilməsi və alternativ qəbul mexanizmlərinin tətbiqi bu təkliflər sırasında yer alır. Xüsusilə universitetlərin abituriyent seçimində daha çox səlahiyyətə malik olması məsələsi son dövrlərdə diqqət çəkən mövzulardandır. Bununla yanaşı, beynəlxalq imtahan nəticələrinin qəbul prosesində nəzərə alınması ilə bağlı yanaşmalar da mövcuddur. ADA Universitetində SAT imtahanı əsasında qəbul imkanının yaradılması digər ali təhsil müəssisələri üçün də alternativ model kimi göstərilir. Digər tərəfdən, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında tətbiq etdiyi açıq tipli suallar nəticələrin yoxlanılması və elan olunması müddətinin uzanması ilə bağlı müzakirələrə səbəb olur. Ekspertlər hesab edirlər ki, qəbul prosesi abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməklə yanaşı, onların üzərində əlavə psixoloji təzyiq yaratmamalıdır. Ali təhsil müəssisələrində boş qalan yerlərin sayı da qəbul şərtlərinin daha çevik olması məsələsini gündəmə gətirir. Bu baxımdan, növbəti illərdə qəbul sistemində daha sadə, çevik və alternativ mexanizmlərin tətbiqi ilə bağlı gözləntilər artır.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul qaydaları ilə bağlı çox fərqli fikir və təkliflər var:
“Ümumiyyətlə, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul qaydaları ilə bağlı çox fərqli fikir və təkliflər var. Əksəriyyət hesab edir ki, qəbul qaydalarında müəyyən sadələşdirmələr aparılmalı, ixtisas qrupları ləğv olunmalı və ixtisaslar üzrə seçim əvvəlcədən bəlli olmalıdır. Universitetlərə müxtariyyət hüququ verilməlidir ki, onlar abituriyentlər arasından tələbələri özləri – məsələn, müəyyən təqaüd proqramları vasitəsilə – seçə bilsinlər. Məsələn, bu gün ADA Universitetində tətbiq olunan SAT imtahanı ilə qəbul imkanları digər universitetlərdə də yaradılmalıdır. Bütövlükdə, bu kimi təkliflərin sayı kifayət qədər çoxdur. Dövlət İmtahan Mərkəzinin (DİM) etdiyi yeniliklərə gəlincə son bir neçə ildə açıq tipli sualların imtahana daxil edilməsi müəyyən çətinliklər yaratdı. Məsələn, imtahan nəticələri ən azı bir ay və ya bir ay yarım sonra elan olunur. Çünki açıq tipli sualları yoxlamaq üçün xüsusi hazırlıq keçmiş mütəxəssislər cəlb olunur və bu yoxlamalar böyük vaxt aparır. Əgər bir şagirdin bilik və bacarığının ali təhsil müəssisəsində təhsil almağa uyğun olub-olmadığını yoxlamaq məqsədi qoyulubsa, fikrimcə, prosesi bu qədər mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Əlbəttə, xarici dil, xüsusilə linqvistika ilə bağlı beynəlxalq dil sertifikatlarının vacibliyini anlayırıq. Bu, hər bir abituriyentin gələcəyi və perspektivi üçün lazımdır. Lakin bu o demək deyil ki, 11-ci sinif şagirdləri həddindən artıq gərginlik və stress yaşamalıdırlar".

Ekspert qeyd edib ki, hər zaman yeniliyin və islahatların tərəfdarıyam: "Lakin DİM-in ildən-ilə şərtləri ağırlaşdırması, düşünürəm ki, planlaşdırılan qəbul yerlərinin dolmasına mane olur. Məsələn, nəzərdə tutulur ki, ali təhsil müəssisələrinə qəbul olanların sayı 65-70 minə çatdırılsın. Lakin hər il həm bakalavriat, həm də magistratura səviyyəsində kifayət qədər boş yer qalır. Təkcə bu il ali təhsil müəssisələrində müəyyən sayda boş yer qaldı. Yaxşı olardı ki, bu yerlərin hamısı dolsun, rəqabət artsın və ali təhsil alanlarımızın sayı çoxalsın. Şəxsən mən abituriyentlərdə gərginlik yaradan hər hansı bir addımın əleyhinəyəm. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi nəhayət ki, daha yumşaq qəbul şərtləri barədə düşünməlidir ki, növbəti illərdə ali təhsil müəssisələrimizdə boş yerlər qalmasın”.
Zeynəb Həsən
20:00 08.09.2026
Oxunuş sayı: 44