Tüstüdən 100 min insan öldü
Son illərdə meşə yanğınlarının miqyası və intensivliyi ekosistemlər üçün ciddi təhlükəyə çevrilib. Yanğınlar meşə örtüyünün məhv olması, biomüxtəlifliyin azalması, torpağın deqradasiyası və atmosferə böyük həcmdə karbon qazının buraxılması ilə nəticələnir. Bununla yanaşı, yanğın tüstüsünün yaratdığı hava çirkliliyi insan sağlamlığına da təsir göstərir.
Mütəxəssislərin hesablamalarına görə, meşə yanğınlarından yayılan tüstü hər il dünyada təxminən 100 min insanın vaxtından əvvəl ölümünə səbəb olur. Bu rəqəm problemin yalnız lokal yanğınlarla məhdudlaşmadığını, meşə yanğınlarının həm ekoloji, həm də qlobal ictimai sağlamlıq məsələsinə çevrildiyini göstərir.
Ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlamasında meşə yanğınlarının əsas zərərinin ekosistemə, həmin ərazinin mikroaləminə, fauna və floraya dəydiyini bildirib: “Meşə yanğınlarının verdiyi zərər, təbii ki, ekosistemədir, həmin ərazinin mikro aləminə, ekosisteminə ciddi təsir eləyir, faunasına, florasına təsir eləyir. Yanğın nəticəsində torpaq sıradan çıxır, mikro aləm məhv olur, həşəratlar, hər şey də, yəni o ərazidə, o arealda olan hər şeyə zərər dəyir. O cümlədən də ətrafda yaşayan insanların oksigen ehtiyatı azalmağa başlayır. Yəni havanın təmizlənməsi, bilirsiniz, meşə həm də havanı təmizləyəndir, bu funksiyalarını itirir”.

Ekoloqun sözlərinə görə, meşə yanğınları zamanı insan ölümləri əsasən insanların yanğın ərazisində qalması ilə bağlıdır: “Yoxsa meşə yanğını nəticəsində insanlar ölmür. Yəni meşə ərazisində qalan, o yanğın ərazisində Avropada olub belə şeylər, Amerikada olur belə şeylər, böyük meşə əraziləri olan ölkələrdə, Türkiyədə olur belə şeylər ki, xilas eləmək mümkün olmur, insanlar orada yanırlar və yaxud da tüstüdən, dediyiniz kimi, karbon qazından boğulub ölürlər”.
Q.İbrahimli qeyd edib ki, meşə yanğınlarının yaranmasına müxtəlif amillər səbəb ola bilər və onların qarşısının alınması üçün maarifləndirmə vacibdir: “Meşə yanğınları da, təəssüf ki, tək insan amili ilə, antropogen amillə bağlı deyil. O həm ildırımdan, həm günəş istiliyindən yanğın yarana bilər. Yəni hər şey quraqlıqdan, hər şeydən yanğın yarana bilər. Adi bir qığılcım meşənin yanğınına səbəb ola bilər. Təbii ki, meşə ətrafı ərazilərdə yaşayan insanlar yüksək səviyyədə maariflənmiş olmalıdır və sair və ilaxır”.
Nigar Xəlilli
19:30 08.09.2026
Oxunuş sayı: 43