Moskva görüşü yaxınlaşır: Paşinyan seçim qarşısında Avropa ya Rusiya?
Ermənistan-Rusiya münasibətlərində son dövrdə yaranmış gərginlik fonunda Baş nazir Nikol Paşinyanın Moskvaya mümkün səfəri diqqət çəkir. Səfərin dəqiq tarixi hələ açıqlanmasa da, Kremlin məlumatına görə, onun 2026-cı il ərzində baş tutması gözlənilir. Paşinyan isə sentyabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra qarşıdakı səfər zamanı iki ölkə arasında açıq və konstruktiv dialoqun davam etdirilməsi barədə razılığa gəlindiyini bildirib.
Politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfərinin əsas mövzularından birinin Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalması və ya Avropa İttifaqına inteqrasiya məsələsi olacağını bildirib. Onun sözlərinə görə, bu məsələ sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüş zamanı da müzakirə olunub: “Orada Putin Paşinyana seçim etməyin vacib olduğunu bildirdi. O, ya Avrasiya İqtisadi İttifaqında qalmalı, ya da Avropa İttifaqına inteqrasiya etməlidir. Bu haqda Putin əvvəllər də demişdi və buna görə Ermənistanda referendum keçirilməsinin vacib olduğunu söyləmişdi”.
E.Həsənov qeyd edib ki, Paşinyan hazırda Avrasiya İqtisadi İttifaqının Ermənistan üçün yaratdığı iqtisadi imkanlardan yararlanmağa davam edir. O bildirib ki, Ermənistanın ittifaqdan çıxması halında iqtisadi çətinliklərlə üzləşə biləcəyi barədə Rusiyadan xəbərdarlıqlar səsləndirilib: “Paşinyan da bu məsələdə, necə deyərlər, özünün strateji addımlarını tam açıqlamır və bildirir ki, biz Avrasiya İttifaqında qalırıq, işləyirik. Çünki bu, Ermənistan üçün bu gün çox xeyirlidir və lazımdır. Avrasiya İttifaqının üzvü olan dövlətlərdən Ermənistana daxil olan mal-materiallara görə gömrük rüsumu yoxdur və bir çox üstünlükləri var. Ermənistan da bu gün bunlardan yararlanır”.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistanın Avropa İttifaqına və Qərbə inteqrasiyasını istəmir. Elşad Həsənov Moskvanın Ermənistan üzərində təsir imkanlarını qorumağa çalışdığını vurğulayıb: “Yəni burada yeni bir mərhələ yoxdur. Burada Rusiya ilə Ermənistan arasında olan narazılıqların səbəbləri araşdırılacaq. Rusiya tərəfindən isə qəti olaraq Ermənistanın Avropa İttifaqına, Qərbə inteqrasiyası istənilmir. Çünki Cənubi Qafqazda Rusiyanın yeganə dayağı Ermənistan qalıb. Onun bu gün də orada 102-ci hərbi bazası var, Gürcüstanda və Azərbaycanda isə Rusiyanın heç bir hərbi dayağı yoxdur”.
Ekspert Paşinyanın hakimiyyətə gəldikdən sonra Ermənistanın sərhəd və təhlükəsizlik strukturlarında Rusiyanın rolunun azaldılması istiqamətində addımlar atdığını da qeyd edib. O bildirib ki, hazırda əsas məsələlərdən biri 102-ci Rusiya hərbi bazasının taleyi ilə bağlıdır: “Ancaq Paşinyan da hakimiyyətə gələndən qərbyönümlü siyasət aparır. İlk olaraq Zvartnotsda Rusiya sərhədçilərinin çıxarılmasına nail oldu. Sonra isə Paşinyan Ermənistan-Türkiyə və Ermənistan-İran sərhəd-nəzarət buraxılış məntəqələrində də Rusiya sərhədçilərini çıxarmağa nail oldu və onların yerinə yenə Ermənistan sərhədçilərini qoydu. İndi isə qalır bircə 102-ci hərbi baza”.
E.Həsənov hesab edir ki, qarşıdakı Moskva görüşü gərgin keçə bilər. Politoloq bildirib ki, Paşinyanın həm Avrasiya İqtisadi İttifaqının imkanlarından yararlanmağa davam etmək, həm də Avropa İttifaqına inteqrasiya istiqamətindən geri çəkilməmək mövqeyi tərəflər arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır: “Ona görə də hesab edirəm ki, bu Moskva görüşü gərgin keçəcək və Paşinyan yenə də orada Avrasiya İttifaqında qalmaqda israr edəcək. İstər-istəməz Avropa İttifaqına inteqrasiyadan da imtina etməyəcək. Çünki onu hakimiyyətə gətirən qüvvələr onun arxasında durublar”.
Nigar Xəlilli
17:30 08.09.2026
Oxunuş sayı: 124