Küçələrdə satılan “balık ekmek” niyə təhlükəlidir?
Son illər küçələrdə satılan qidalar arasında geniş yayılanı və münasib qiymətilə cəzbedici olan qida “balık ekmek”dir. Tez hazır olan bu qida növü həm alıcıların marağına səbəb olur, həm də müəyyən suallar yaradır.
Ən çox müzakirə olunan məqamlardan biri isə satılan məhsulun qiymətinin çox ucuz olmasıdır. Bu hal məhsulun keyfiyyəti, istifadə olunan xammal və hazırlanma şəraiti ilə bağlı şübhələri artırır.
Digər tərəfdən, açıq şəraitdə hazırlanan bu qidanın gigiyenik olub-olmaması və insan sağlamlığı üçün təhlükələri də maraq doğurur. Bəs küçədə satılan “balık əkmek” nə dərəcədə təhlükəsizdir və onun istehlakı zamanı hansı məqamlara diqqət yetirilməlidir?
Mövzu ilə bağlı qida eksperti Seymur Qafarov Crossmedia.az-a açıqlama verib:

"Küçədə istifadə olunan qidalardan biri də street food, fast food və ya sürətli qida kimi tanınan qidalar sırasına daxil olan balıq çörək — yəni qardaş Türkiyədən ölkəmizin küçə qidalanmasına inteqrasiya olunmuş “balıq ekmək” adlanan qidadır. Burada balığın növündən asılı olaraq məhsulun qiyməti dəyişə bilir və bu da onun daha ucuz və ya baha olmasını müəyyən edir. Təbii ki, bu, birbaşa balığın növü və cinsi ilə bağlıdır.
Mütəxəssis qeyd edir ki, bu məhsulları istehlak edən zaman qida təhlükəsizliyi ilə bağlı bir sıra vacib məqamlara diqqət yetirilməlidir.
Belə qidalar hazırlandıqdan sonra iki saat ərzində istehlak olunmalıdır. Hazırlanma zamanı temperatur göstəricisi 70 dərəcə selsidən yuxarı olmalıdır ki, baş verə biləcək hər hansı mikrobioloji çirklənmə və onun fəsadlarının qarşısı alınsın".
Ekspert əlavə edib ki, eyni zamanda bu işi icra edən aşbazlar mütləq fərdi mühafizə vasitələrindən — əlcəkdən, uzunqollu geyimdən və lazım gəldikdə önlükdən istifadə etməlidir:
"Bu qaydalara əməl olunduğu halda məhsulun sanitar-gigiyenik baxımdan düzgün hazırlanması və emalı təmin olunur. Müəssisənin divarları açıq rəngli, asan təmizlənə bilən materiallarla örtülməli, döşəmə sürüşməyən materialdan olmalı, qızartma üçün istifadə olunan avadanlıqlar isə paslanmayan metal tipli olmalıdır. Bu şərtlər altında istehsal olunan məhsul təhlükəsiz qida hesab edilə bilər.
Balıq məhsulları fosfor və minerallarla zəngindir, qida dəyəri yüksək olan məhsullar kateqoriyasına daxildir. Lakin ət məhsulu olduğu üçün riskli qida sayılır və tez xarab ola bilir. Düzgün şəraitdə saxlanmadıqda sağlamlıq üçün təhlükə yarada bilər. Düzgün hazırlanmadıqda, xüsusilə həddindən artıq yağlı olduqda, kökəlmə və piylənmə riskini artırır.
Eyni zamanda köhnə balıqdan istifadə edildiyi halda zəhərlənmə riski yarana bilər və bu, insan sağlamlığı üçün ciddi təhlükə təşkil edir. İlkin əlamətlər kimi baş ağrısı, göz qaralması, halsızlıq və mədə bulanması müşahidə oluna bilər".
Ayhan
11:54 18.02.2026
Oxunuş sayı: 537