Qarabağın işğaldan sonra sürətli inkişafının mühüm tərkib hissəsi təhsildir -AÇIQLAMA

Bu gün Azərbaycan təhsilinin bayram günüdür – yeni tədris ili başlayır. Hər il bu gün biz gələcəyimizin təminatçısı olan təhsilin əhəmiyyətini bir daha dərk edir, məktəb qapılarını böyük ümid və həyəcanla açırıq. Təhsil xalqımızın tərəqqisinin, dövlətimizin qüdrətinin və gənc nəslin layiqli vətəndaş kimi formalaşmasının başlıca yoludur.
Bu tədris ili isə xüsusilə əlamətdardır. Çünki artıq işğaldan azad olunmuş torpaqlarımızda da yeni məktəblərin qapıları açılır, qalib Azərbaycan övladları öz doğma yurdlarında təhsil almağa başlayırlar. Bu hadisə təkcə təhsil deyil, həm də milli qürur, dirçəliş və böyük qayıdışın təntənəsidir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən fəlsəfə doktoru, təhsil eksperti İlqar Orucov qalib Azərbaycanın övladlarının azad olunmuş torpaqlarda məktəb qapılarından keçərək təhsil alması qürurverici və tarixi bir hadisə olduğunu qeyd edib:
"Bu gün yeni tədris ili başlayır. Fürsətdən istifadə edərək bütün təhsil ictimaiyyətini – təhsil alanları, təhsil verənləri və bütövlükdə xalqımızı ürəkdən təbrik edirəm. Çünki təhsil ümumxalq işidir, gələcəyimizin ən böyük təminatıdır.
Bu il xüsusilə qürurvericidir ki, işğaldan azad olunmuş ərazilərimizdə dövlətimizin həyata keçirdiyi siyasətə uyğun olaraq yeni təhsil infrastrukturu yaradılır, müasir məktəblər istifadəyə verilir. Doğma yurdlarına qayıdan soydaşlarımız artıq orada həm məşğulluq imkanlarından, həm də yeni məktəblərin xidmətlərindən faydalanmağa başlayıblar.
Xeyli sayda müasir məktəb inşa olunub və bu tədris ilində həmin məktəblərdə ilk dəfə dərs zəngi çalınacaq. Qalib Azərbaycanın övladlarının azad olunmuş torpaqlarda məktəb qapılarından keçərək təhsil alması qürurverici və tarixi bir hadisədir.
Eyni zamanda həmin ərazilərdə yalnız orta məktəblər deyil, məktəbəqədər təhsil müəssisələri də yaradılır. Təhsillə bağlı bütün imkanlar ardıcıllıqla həyata keçirilir. Bu il Qarabağ Universitetində tibb və sağlamlıq elmləri üzrə ilk dərslərin başlanması da mühüm hadisədir. Cənab Prezidentin Xankəndinə səfəri zamanı universitetdə görülən işlərlə şəxsən tanış olması bu sahəyə verilən böyük önəmin göstəricisidir.
Xankəndində fəaliyyətə başlayan universitetdə yeni ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək, tələbə sayı və plan yerləri ildən-ilə artacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, “Qarabağı dirçəldəcəyik” şüarı bu gün artıq real işlərdə öz təsdiqini tapır.
Ümumilikdə, Qarabağ və digər azad olunmuş ərazilərimiz 30 illik işğaldan sonra sürətli inkişaf dövrünü yaşayır. Bu inkişafın mühüm tərkib hissəsi məhz təhsildir. Təhsil naminə görülən işlər dövlətimizin daha da güclənməsinə, iqtisadi, siyasi və hərbi sahələrdə davamlı inkişafa böyük töhfə verir".
Ekspert həmçinin böyük Qayıdış prosesi ilə paralel olaraq azad olunmuş bölgələrdə təhsil infrastrukturunun da davamlı şəkildə möhkəmləndiyinin şahidi olacağğımızı bildirib.
"Bütün bunlar hər birimizi sevindirir. Biz sadəcə müşahidəçi deyil, bu tarixi prosesin fəal iştirakçılarıyıq və bununla qürur duyuruq. Əminəm ki, qarşıdakı illərdə vətəndaşlarımızın Böyük Qayıdış prosesi ilə paralel olaraq azad olunmuş bölgələrdə təhsil infrastrukturunun da davamlı şəkildə möhkəmləndiyinin şahidi olacağıq. Bu, həmin torpaqlara yalnız həyatın deyil, həm də elm və maarifin qayıtması deməkdir" - deyə o qeyd edib.
Elmir Heydərli
13:27 15.09.2025
Oxunuş sayı: 810