Azərbaycan Moldova ilə aqrar məhsulların emalında əməkdaşlığı müzakirə edib

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq müzakirə edilib.
Crossmedia.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumda Azərbaycanda səfərdə olan Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan nazir, komissiyanın həmsədri Məcnun Məmmədov iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirib. Moldovanın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir əlavə edib ki, ölkəmiz iki dövlət arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir.
Qlobal iqlim dəyişikliyinin aqrar ərzaq təhlükəsizliyinin təmin olunması prosesinə ciddi risklər yaratdığını vurğulayan nazir Məcnun Məmmədov ötən ilin noyabrı ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub. Nazir Moldovanın COP29-da yüksək səviyyədə təmsil olunduğuna görə təşəkkürünü ifadə edib.
Nazir işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini, bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladıb. O, Azərbaycanın bu prosesdə mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi sahəsində Moldova ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən V. Bolea, Moldovanın Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərinin inkişafına maraq göstərdiyini qeyd edib. Görüş zamanı iki ölkə arasında enerji, nəqliyyat, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq imkanları, Azərbaycandan Moldovaya birbaşa uçuşların sayının artırılması, turizm potensialından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın aprelin 11-də Bakıda keçiriləcək altıncı iclası və bu çərçivədə təşkil olunacaq biznes forumla bağlı məsələlər müzakirə olunub.
Tərəflər imzalanmış və razılaşdırılma mərhələsində olan müqavilələr, gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıb, Azərbaycan və Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Qeyd olunub ki, qarşılıqlı regional əlaqələrin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin təşkili, ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqat işlərinin aparılması, aqrar sahədə mütəxəssis hazırlığı, birgə müəssisələrin yaradılması, Moldovanın Azərbaycanın həyata keçirdiyi nəqliyyat infrastrukturu layihələrinə inteqrasiya imkanlarının araşdırılması əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edə bilər.
12:45 09.04.2025
Oxunuş sayı: 1606