Azərbaycanda pensiya və digər sosial ödənişlərin alınması zamanı rayon mərkəzlərində yaranan bankomat sıxlığı, xüsusən də qış aylarında yaşlı, əlil və digər həssas qruplardan olan insanlar üçün ciddi çətinliklər yaradır. Məsələnin iqtisadi və sosial tərəflərini şərh edən iqtisadçı Eldəniz Əmirov, bu vəziyyətin aradan qaldırılması üçün bankların məsələyə yalnız iqtisadi effektlik prizmasından yanaşmamalı olduqlarını vurğulayıb.
İqtisadçı bildirir ki, Azərbaycanın bir çox kənd və qəsəbələrində bankomatların olmaması və ya sayının kifayət qədər olmaması insanların rayon mərkəzlərinə axınına səbəb olur. Bu isə həm vaxt itkisinə, həm də insanların fiziki və psixoloji yüklənməsinə gətirib çıxarır. Əhali bankomatlar qarşısında növbələrdə saatlarla gözləməyə məcbur qalır.
Xüsusən, qışda kəndlərdən rayonlara gedib-gəlmək ağır fiziki və maddi yük yaradır. Yaşlı və əlillərin bankomatlara əlçatanlığı ciddi çətinliklərlə müşayiət olunur.
Eldəniz Əmirov qeyd edir ki, bankların bu məsələdə öz arqumentləri var. Müştəri azlığı, təhlükəsizlik məsələləri və bankomatların quraşdırılması və saxlanılması ilə bağlı yüksək xərclər bankları bu məsələdə maraqsız edir. Lakin bu yanaşmanın ölkəmizin bəzi strateji hədəflərinə, məsələn reginal inkişaf, sosial rigah və s kimi məsələlərə öz mənfi təsirini göstərir.
Mütəxəssis bu problemin həlli üçün bildirir ki, banklar yalnız öz iqtisadi məqsədlərini deyil, həm də sosial məsuliyyətlərini nəzərə almalıdırlar. Bankomatların genişləndirilməsi regionların iqtisadi və sosial inkişafına təkan verə bilər. Daha çox insan rəqəmsal bankçılıq xidmətlərindən istifadə etməyə başlayar ki, bu da iqtisadi inklüzivliyi artırar. Rayon mərkəzlərindəki filialların qarşılaşdığı həddindən artıq iş yükü azalar.
Ən əsası isə banklar bu addımı atmaqla, cəmiyyətə olan sosial məsuliyyətlərini nümayiş etdirmiş olarlar.
Eldəniz Əmirov qeyd edir ki, Korporativ Sosial Məsuliyyət anlayışı artıq qlobal miqyasda iri şirkətlərin əsas fəaliyyət prinsiplərindən birinə çevrilib. Statistikaya görə, KSM üzrə illik xərclər artıq 30 milyard dollar həddinə çatır.
Odur ki, ölkəmizdə də banklar belə addımlar atmaqla, yalnız öz müştərilərinin deyil, ümumilikdə cəmiyyətin sosial rifahına xidmət etmiş olarlar.
Bir daha vurğulamaq istərdim ki, Korperativ Sosial Məhsuliyyət çərçivəsində atıla biləcək ən gözəl addımlardan biri kənd yerlərində yaşayan insanların həyatını yaxşılaşdıra biləcək addımlardır.
Əsli Telmanqızı