Ekologiya

İqlim dəyişiklikləri, Yer kürəsindəki uzunmüddətli hava şəraitinin dəyişməsi olaraq, qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi və ekstremal hava hadisələrinin artması kimi təsirlərə səbəb olur. Bu dəyişikliklər ekosistemləri və insan həyatını ciddi şəkildə təsir edir. İqlim dəyişiklikləri bioloji mühitə necə təsir edir və bu dəyişikliklərin bioloji müxtəlifliyə olan uzunmüddətli təsirləri nə olacaq?

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Crossmedia.az-a açıqlamasında bildirib: "İqlim dəyişikliklərinin bioloji mühitə təsirləri müxtəlif bölgələrdə fərqlənir.Müxtəlif coğrafiyalarda fərqli təsirlər müşahidə olunur: Afrikanın qərbində quraqlıq hökm sürərkən, bəzi yerlərdə yağış çox olur. Avropa və Amerikada da bəzi bölgələrdə yağışların artması, bəzilərində isə quraqlığın yaranması müşahidə olundu".

Azərbaycanda isə son onilliklər ərzində yağıntının azalması müşahidə edilib. Ənvər Əliyev bulaqlarda və meşələrdə problemlərin meydana çıxmasından bəhs edərək, 2024-cü ildən etibarən yağıntının artması ilə bu təsirlərin müəyyən dərəcədə azalmasının gözlənildiyini qeyd edib. 
O, həmçinin bildirib ki,  tarixdə də dövrü iqlim dəyişiklikləri baş verib; məsələn, 60-cı və 70-ci illərdə yağıntılar çox olmuş, 80-ci illərdə isə azalıb.

Ekoloqun sözlərinə görə, müharibələrin bioloji müxtəlifliyə təsiri  də əhəmiyyətlidir:

"Müharibə zamanı istifadə olunan ağır texnika və kimyəvi maddələr bitkilərə və heyvanlara böyük zərər vurur. Bu zərər bitkilərin toxum vermə qabiliyyətini itirməsinə səbəb olur, xüsusilə endemik və relikt bitki növlərinin nəsli kəsilir. Azərbaycanın 30 illik işğal dövründə də əraziyə böyük ziyan dəyib, bir çox bitki və meşə ekosistemi sıradan çıxıb. Ağır texnikanın istifadəsi torpaq qatının dağılmasına səbəb olaraq torpağın münbitliyini azaldır. İqlim dəyişiklikləri və müharibələrin bitki və heyvan növlərinə olan təsiri bəşəriyyət üçün ciddi təhdidlər yaradır. BMT və beynəlxalq ictimaiyyət bu mövzuda aktiv tədbirlər görməli, müharibələrin və iqlim dəyişikliklərinin ekosistemlərə təsirini azaltmaq üçün birgə səylər göstərməlidir. Azərbaycanın Qarabağ bölgəsində işğal zamanı təbiətə dəyən ziyan da təcili bərpa olunmalıdır, çünki minalanmış ərazilərin təmizlənməsi və flora-faunanın bərpası böyük miqdarda maliyyə tələb edir. Azərbaycanın itkilərinin təxmini dəyəri 900 milyard manata yaxındır və bu ziyanın ödənməsi üçün Ermənistanın təzminat ödəməsi tələb edilməlidir".

Ekoloq sonda əlavə edir ki, iqlim dəyişiklikləri və müharibələrin bioloji dövriyyəyə mənfi təsirlərinin qarşısının alınması qlobal səviyyədə prioritet olmalıdır.

Nərgiz Orucova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il