Ekologiya

Son illərdə dünyada ekoloji problemlər səbəbindən xəstəliklərin və bu xəstəliklərdən ölənlərin sayı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, 3,6 milyard insan iqlim dəyişikliyinə yüksək dərəcədə həssas olan bölgələrdə yaşayır. Dünya əhalisinin 90%-dən çoxu çirkli hava ilə nəfəs alır. Havanın çirklənməsi qlobal miqyasda əhalinin sağlamlığı üçün ən böyük ekoloji təhlükədir və hər il 8 milyondan çox insan ekoloji çirklənmə səbəbindən dünyasını vaxtsız dəyişir. 2030-2050-ci illər arasında iqlim dəyişikliyi dünyada 250 min xəstəliyin yaranmasına gətirib çıxaracaqdır.
 
Ekoloji vəziyyətdən, habelə digər səbəblərdən sağlamlıqla bağlı yaranan problemlər istər beynəlxalq təşkilatları, istərsə də dövlətləri səhiyyə siyasətlərinə yenidən nəzər salmalarına səbəb olmuşdur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə (BMT) 2000-ci ildə 183 millətin, 147 dövlətin nümayəndəsinin iştirak etdiyi Minilliyin Sammitində qəbul edilmiş “Minilliyin İnkişaf Məqsədləri”ndə bütün dünyada yoxsulluğun azaldılması və insan inkişafının təmin edilməsinə təsir göstərən amillər arasında səhiyyə ön sırada yer almışdır. Belə ki, 8 inkişaf məqsədindən 3-ü, 18 hədəfdən 6-sı səhiyyə sisteminin inkişafı ilə bağlıdır. Bu məqsədlərdə əks olunan 48 indikatordan 18-i səhiyyə xarakterlidir. Minilliyin Bəyannaməsi üzrə müəyyənləşdirilən və Azərbaycan üçün səciyyəvi olan məqsədlərə “Uşaq ölümü hallarını azaltmaq”, “Anaların sağlamlığını qorumaq”, “İİÇV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq” daxildir. Bundan başqa, Dayanıqlı İnkişaf Məqsədlərinin (17 məqsəd) üçüncüsü “Yaxşı səhiyyə və rifah”ın təmin olunmasıdır.

İqtisadçı ekspert, AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva bildirib ki,  Azərbaycanda da ətraf mühitin və əhalinin sağlamlığının qorunması sahəsində müvafiq islahatlar aparılır. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci prioriteti “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” olmaqdır. Bu Prioritetlə hökumət ətraf mühitin qorunmasını, “yaşıl iqtisadiyyat” quruculuğunu özünün sosial-iqtisadi siyasətinin əsas hədəflərindən biri elan etmişdir. Bu Prioritet ekoloji vəziyyəti yaxşılaşdırmaqla yanaşı, həm də əhalinin sağlamlığının qorunmasına xidmət edəcəkdir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

R.Abdullayeva, həmçinin bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) hazırda Bakıda keçirilən 29-cu sessiyası (COP29) Azərbaycanın yaşıl dünya naminə həmrəyliyinin göstəricisidir.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il