Ekologiya

Şirin su ehtiyatlarının sürətlə azalması qlobal iqlim dəyişiklikləri nəticəsində bir çox bölgədə içməli su çatışmazlığı və suvarma üçün lazımi suyun mövcud olmaması problemini yaradır. Bu vəziyyət qida istehsalını, əkinçilik fəaliyyətlərini və insanların gündəlik həyatını ciddi şəkildə təhdid edə bilər. Əkin sahələrinin suvarılması çətinləşir nəticədə məhsuldarlıq azalır. Bəs  şirin su ehtiyatlarının qorunması, suyun səmərəli idarə olunması üçün hansı texnologiyalardan istifadə edilə bilər?

Crossmedia.az mövzu ilə bağlı ekoloq Sevil Yüzbaşevaya müraciət edib.

Ekspert ilk olaraq, ətraf mühitin mühafizəsindəki əsas problem içməli su ehtiyatları ilə bağlı olduğunu qeyd edib:

“Qonşu ölkələrdən fərqli olaraq Azərbaycan Respublikasının ərazisi su qıtlığı ilə səciyyələnən rеgiоnlara aiddir.  Qeyd edək ki, Kür çayı Azərbaycan üçün ən böyük su mənbəyidir. Ölkənin yerüstü su еhtiyatlarının 80%-ni Kür, Araz çayları və onların bir sıra transsərhəd qollarının suları təşkil edir ki, onlarında ümumi həcminin 70%-nə  qədəri ölkə hüdudlarından kənarda formalaşır. Respublikanın quru ərazisinin 3/4 hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı rеlyеfində yerləşir”. 

Son illərdə Kür çayının Xəzərə gedib çatmaması ilə bağlı çayın aşağı rеlyеfində yerləşən bir sıra rayonlarda su qıtlığı da yaranıb:

“Bölgələrdə yaşayan insanlarla aparılan  sorğularda əhali yerlərdə problemin səbəbi kimi Kür ətrafındakı yaradılmış təsərrüfatlarda görürlər. Biz israfçılığa çox yol veririk,  içməli sudan ağacların sulanmasında, maşınların yuyulmasında, bütün texniki vasitələrdə  istifadə edirik. Bu da Azərbaycanda suya tələbatı çox qənətsiz edir”.

Ekoloqun fikrincə, meşələr yeganə təbiət kompleksidir ki, su, hava və torpaq kimi biosferin  vacib komponentlərinin formalaşması üçün şərait yaradır: 

“Meşə olmasa, içməli su da olmaz. Azərbaycanda meşə təsərrüfatı sahəsində görülən tədbirlərə baxmayaraq, hələ də ciddi ziyan dəyir. Hər il yeni yaşıllıqlar əkilsə də, qiymətli ağaclar yerinə tez böyüyən və az qulluq tələb edən ağaclardan istifadə olunur. Lakin bunların böyüyüb ətraf mühit üçün faydalı olması üçün uzun müddət lazımdır. Bu səbəbdən mövcud olan enliyarpaq meşələrin qorunması və meşəbərpa işlərinin aparılması olduqca əhəmiyyətlidir. Meşələrin məhv olma tempi ondan istifadə edilməsi üzərində ciddi nəzarət olmasını tələb edir. Meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsi, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit təmizləyici, sanitar gigiyenik və digər faydalı funksiyaların yüksəldilməsi istiqamətində işlərin aparılmasını təmin edir ki,  bu da ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edir”.

Meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsi, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit təmizləyici, sanitar gigiyenik və digər faydalı funksiyaların yüksəldilməsi istiqamətində işlərin aparılmasını təmin edir ki,  bu da ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edir.  Problemin tam və birdəfəlik həlli üçün ardıcıl və daha ciddi mühafizə və nəzarət tədbirlərinin keçirilməsi ilə yanaşı həm maarifləndirmə  aparması, həm də ictimai nəzarət də tətbiq edilməsi zəruridir.

Təsərrüfat fəaliyyətləri apararkən mütləq sudan istifadə də  yeni texnologiyalar tətbiq edilməlidir:

“Artıq ölkəmizdə az da olsa, belə nümunələr vardır. Bildiyimiz kimi Qobustan rayonunda Cəngi meşəsi ilə bərabər həm də magistral yolunun hər iki tərəfində yaşıllıqlar da salınmışdır. Hər il bu ərazilər yeni əkinlərlə genişlənir, yaşılıqlar salınır. Bildiyimiz kimi bu ərazilər susuz ərazilərdir. Amma şükürlər olsun ki, buradakı yaşıllıqlar inkişafdadır. Çünki burada suvarmada yeni üsullar tətbiq edilir. Bu ərazilər susuz olduğundan suvarma işləri aparmaq üçün 500 m3-lik və 1000 m3-lik 2 ədəd su anbarı, 2 ədəd nasosxana inşa edilmiş, 2 ədəd 200 m3-lik su çəni, 2 ədəd 250 kVa-lıq transformator qurulmuşdur. 2014-cü ildə yaşıllıqlar damcılı suvarma sistemləri ilə təmin edildikdən sonra əkinlərdə rekonstruksiya-bərpa işləri aparılmış və yüksək faizli bitiş də əldə edilmişdir. 

Onun sözlərinə görə, layihələr çərçivəsində bu ərazilərdəki fəaliyyətlərlə bağlı monitorinqlər həyata keçirilib:

“Son illər ölkəmizdə yeni texnologiyalar tətbiq edilərək, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması və meşəsalma, meşəbərpa sahələrində geniş istifadə olunması üzrə böyük işlər görülür. Bu prosesə 2013-cü ildə Salyan rayonu Xıdırlı kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi Müəssisəsi"nin istifadəyə verilməsi ilə başlanılmışdır. Artıq 10 ildən çoxdur ki, bu müəssisə fəaliyyət göstərir. Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2013-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilmişdir. Bu çox qiymətli bir müəssisədir. Zavodda monitorinq keçirtmişik. Kompleksin fəaliyyəti nəticəsində alınan sudan istifadə edərək, yol kənarında yaşılıqlar da salınmışdır və hazırda bu yaşıllıqlar inkişaf mərhələsini yaşayır”.

Statistika göstərir ki, yer kürəsindəki su ehtiyatlarının 97,5%-i şor sulardan, 2,7%-i isə içməli sudan ibarətdir. İnsanlar bütün yeraltı və yerüstü içməli suyun ancaq bir faizdən azını istifadə edirlər. Qalan faizdən isə ya istifadə etmir, ya da israfçılığa yol verirlər:

“Artıq Azərbaycanda içməli su qlobal problemə çevrilib desək, yanılmarıq. Dünyamızda gedən iqlim dəyişiklikləri ilə bağlı yarana biləcək su qıtlığının qarşısını almaq üçün qabaqcıl ölkələr artıq illərdir ki, bir sıra tədbirlər həyata keçirirlər. Su anbarları tikir və su toplayırlar, bunun üçün çayların məcrasını belə dəyişirlər. Aşırı yağan yağış sularını belə toplayırlar. Ölkəmizin ərazisində qədim odanlar var bu odanlardan biz də istifadə edərək ki, yağış sularını toplaya bilərik və bundan yay aylarında əkinçilikdə suvarmada istifadə etmək olar. Doğrudan da insanların ətraf mühitə olan təsirini dəyişdirmək və təbii sərvətləri qorumaq qabiliyyəti çox güclüdür. “Discovery” kanalında bir film izləmişdim. Bu film ətraf mühitin qorunmasına dair müsbət nümunədir. Afrikada ətraf mühit mühafizəçisinin yağış sularını toplayıb böyük bir yaşıllıq yaratması insan iradəsinin və yaradıcı yanaşmasının əhəmiyyətini göstərir. Bu göstərir ki, doğru yanaşma və səy ilə təbii resursları bərpa etmək və ekosistemləri mühafizə etmək mümkündür. İnsan güclü varlıqdır, istəsə hər işi görə bilər".

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il