Ekologiya

Son 100 ildə hava çirklənməsi qlobal problemlərdən birinə çevrilib. Çirklənmiş hava sağlamlıq üçün böyük təhlükə yaradır və onun həyatımıza təsiri heç də gözlənilən qədər müsbət deyil.  Qeyd edək ki, noyabrın 15-də Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb və Ümumdünya Səhiyyə təşkilatının statistikasına görə, pis hava hər il Dehlidə 12 minədək insanın ölmünə səbəb olur. Bu situasiya  bizə ya insanlar elə edəcəklər ki, havada tüstü azalacaq, ya da tüstü elə edəcək ki, yer üzündə insanlar azalacaq aforizmini xatırladır. 

Bəs digər ölkələrlə müqayisədə  Azərbaycanda hava çirkliliyi nə dərəcədədir, bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva bu sahədə sualları cavablayıb.

Ekspert ilk olaraq, ölkəmizdə hava çirklənməsinin  əsasən Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə ciddi problem yaratdığını bildirib: 

“Dünya Səhiyyə Təşkilatının (DST) məlumatlarına görə, 2022-ci ildə Bakıda havadakı zəhərli kiçik hissəciklərin miqdarı 20-30 μg/m³ olub, bu da beynəlxalq standartdan (10 μg /m³) iki dəfə çoxdur. Sumqayıt və Gəncədə isə sənaye fəaliyyəti səbəbindən hava daha çox çirklənib. Azərbaycanla bənzər inkişaf etmiş ölkələrin şəhərlərində bu göstəricilər daha aşağıdır”.

O, həmçinin, hava çirkliliyinə bir sıra amillərin təsir  etdiyini vurğulayıb:

“Hava kirliliyinə  bir neçə amil təsir edir ki, bunların əsasını sənaye və elektrik stansiyaları,  nəqliyyat, köhnəlmiş enerji istehsal texnologiyaları və tikinti təşkil edir. Sumqayıt kimi sənaye mərkəzlərində fəaliyyət göstərən zavodlar və neft emalı müəssisələri yüksək miqdarda azot oksidləri, kükürd dioksidi və digər zəhərli qazlar buraxır. Sumqayıtdakı ağır sənaye müəssisələri ölkənin ümumi hava çirkliliyinin təxminən 40%-ni təşkil edir.  Həmçinin, Bakıda 2023-cü ilin sonuna olan məlumatlara görə, 1 milyon nəfərə 1,5 milyon avtomobil düşür ki, bu da yüksək karbon emissiyasına səbəb olur. Köhnəlmiş avtomobillərin təxminən 60%-i daha yüksək emissiyaya sahibdir.  Azərbaycanın enerji sektorunda hələ də köhnəlmiş, ətraf mühitə zərərli emissiyalar buraxan elektrik stansiyaları mövcuddur. Bu stansiyalar Azərbaycanda enerji istehsalının təxminən 70%-ni təmin edir, lakin təmiz enerji mənbələri, xüsusilə günəş və külək enerjisi, hələ tam potensialla istifadə olunmur. Eyni zamanda, şəhərsalma və infrastruktur layihələrinin aparılması zamanı yaranan toz və hissəciklər də hava çirkliliyini artırır. Bakıdakı tikinti sektoru xüsusilə yeni binaların inşası ilə əlaqəli olaraq hava keyfiyyətini təsir edir”.

Bunun qarşısının alınması üçün bir sıra tədbirlər görülə bilər:

“Təmiz texnologiyaların sənaye müəssisələrində tətbiq edilməsi və emissiya standartlarının artırılması vacibdir. Azərbaycanda 2020-ci ildən sonra sənaye sektorunda zəhərli qazların azaldılması üzrə yeni tənzimləmələr tətbiq edilsə də, daha sərt tədbirlər alınmalıdır. Köhnə avtomobillərin yerinə elektrikli avtomobillərin təşviqi və avtomobil parkının yenilənməsi çox vacibdir. 2023-cü ilin məlumatlarına görə, Azərbaycanda elektrikli avtomobillərin sayı 1500-ə yaxın olsa da, bu rəqəm artmağa davam edir”.

Mütəxəsisin fikrincə, Azərbaycanın  günəş və külək enerjisi potensialından daha çox istifadə edərək təmiz enerji istehsalını artırmaq mümkündür:
“2021-ci ildə "Yaşıl Enerji" layihəsi çərçivəsində 300 MW-lıq külək enerjisi parkı açılmışdır. Şəhərlərdə yaşıl sahələrin artırılması və ağacların əkilməsi də hava keyfiyyətini yaxşılaşdırır. 2022-ci ildən etibarən Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə 100 min ağac əkilməsini hədəfləyib. Hava çirkliliyi və onun insan sağlamlığına təsirləri barədə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilməlidir. "Yaşıl Bakı" kampaniyası və digər ekoloji təhsil proqramları bu sahədə müsbət nəticələr verə bilər”.

Ekoloji maarifləndirmə işləri olduqca vacibdir: 

“Gənclərimiz ekoloji məsələlərdə aktiv olmalıdırlar. Bu il məktəblilərlə bir neçə layihə üzərində çalışmışıq.  Xüsusilə vurğulamaq istərdim ki, Timur Mustafazadə və Murad Məhərrəmin təşəbbüsü ilə yaradılmış "Eco-era community" adlı klubun təşkil etdiyi layihələr, məktəbliləri ekoloji problemlərlə tanış edərək, onların bu sahədəki biliklərini gücləndirir. Bu fəaliyyətlərdən biri də işğaldan azad olunmuş torpaqlarda havanın biomonitorinqi ilə bağlıdır. Hazırda bu sahədə araşdırmalar davam etdirilir. Əldə edilən məlumatlar bölgədəki hava keyfiyyətinin vəziyyətini, ağır metalların qatılığını anlamağa imkan verəcək və bu  məlumatlar gələcəkdə ərazinin ekosisteminin bərpası, davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıya bilər”.

Hava çirklənməsi  qlobal bir problemdir və hər birimiz bu problemin həlli üçün təşəbbüs  göstərməliyik. 

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il