CROSSMEDIA - Analitik İnformasiya Portalı

Humanitar

10:59 07.10.2026

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

64

ADA Universitetinin Qazax Mərkəzində və Qazax Müəllimlər Seminariyasında “Bir Müəllimin Manifesti” (BMM) ixtisasartırma proqramının 2026–2027-ci tədris ilinin açılışı və ötən il iştirakçılarının məzun günü keçirilib. Bu barədə Crossmedia.az-a universitetdən məlumat verilib. Tədbirdə çıxış edən ADA Universitetinin birinci prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Qalib Məmmədali təhsil ocağının regionlaşma strategiyasından və bu istiqamətdə görülən işlərdən bəhs edib. Daha sonra ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdal yeni iştirakçılara Firidun bəy Köçərli nişanlarını təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbir çərçivəsində BMM proqramının 2025/2026-cı tədris ili üzrə məzun günü keçirilib. Azərbaycanın 15 rayonunu təmsil edən 20 müəllim və məktəb direktoru proqramı uğurla başa vuraraq ADA Universiteti və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən müvafiq sertifikatlarla təltif olunublar. ADA Universitetinin təşəbbüsü və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu tədris proqramı artıq altıncı ilinə qədəm qoyur. Təlimlər Qazax Müəllimlər Seminariyasında və ADA Universitetində əyani və onlayn formatlarda təşkil olunur. Hər il proqram iştirakçıları yerli təlimlərlə yanaşı, beynəlxalq təcrübəni xarici səfərlər vasitəsilə nəzəri və praktik cəhətdən yerində öyrənmək imkanı da əldə edirlər. Cari ilin avqust–sentyabr aylarında aparılan ikimərhələli seçim prosesinin nəticəsində isə 2026–2027-ci tədris ili üçün ölkəmizin 13 rayonundan 20 yeni iştirakçı seçilib. Onlardan 15-i qadın, 5-i kişi olmaqla, 2-si məktəb direktoru, 18-i isə fənn müəllimidir. Qeyd edək ki, beşillik yubileyini qeyd edən proqram fəaliyyəti dövründə regionlarda çalışan müəllim və məktəb direktorlarının peşəkar inkişafına mühüm töhfə verib. Bu günədək ümumilikdə proqramdan 121 regional təhsil işçisi məzun olub. Tədbir çərçivəsində, həmçinin ADA Universitetinin Qazax İncəsənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı sərgisinin açılışı olub. Universitet rəhbərliyi, proqramın məzunları və yeni iştirakçıların qatıldığı tədbir Səməd Vurğunun ev-muzeyinin direktoru, şairin nəticəsi Vurğun Vəkilovun musiqi ifası ilə başa çatıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR