"Müasir İnkişaf" İctimai Birliyi "WUF-13: Yeni urbanizasiya və milli prioritetlər" mövzusunda tədbir keçirib
"Müasir İnkişaf" İctimai Birliyi "WUF-13: Yeni urbanizasiya və milli prioritetlər" mövzusunda onlayn tədbir təşkil edib.
Tədbirdə ilk çıxış edən Birliyin sədri, Crossmedia.az saytının baş redaktoru, BDU-nun müəllimi Mübariz Göyüşlü WUF-13-ün COP29-dan sonra Azərbaycanın gerçəkləşdirdiyi ən qlobal tədbir olduğunu bildirib. O, rəhbərlik etdiyi təşkilatın daim bu mövzulara həsr olunan tədbirlər keçirdiyini açıqlayıb. Onun sözlərinə görə bu tədbr vasitəsilə Azərbycan urbanizasiya məsələsində gördüyü işləri tədim etdiyini və bu mövzuda faydalı müzakiələrin açıldığı bir meydana çevrildiyini qeyd edib. Əvvəllər Qarabağ problemindən bəhs edən Azərbaycanın hazırda orada abadlıq işləri gördüyünü deyən sədr bununla da ölkənin nail olduğu inkişaf səviyyəsinə toxunub.
Millət vəkili, professor Vüqar Rəhimzadə dünyanın diqqətinin Azərbaycanda olduğunu vurğulayıb. Onun sözlərinə görə Azərbaycanın şəhərsalma sahəsində çox böyük təcrübəsi var. O, Bakıdakı WUF-13 tədbirinə gələnlərin Azərbaycanın təşkilatçılıq bacarığını, regionda və dünyada söz sahibi olduğunu göstərdiyini qeyd edib. Millət vəkili Qarabağda və Şərqi Zəngəzurda quruculuq, abadlıq istiqamətində mühüm işlər görüldüyünü açıqlayıb. Bildirilib ki, azad olunmuş ərazilərdə 90 min nəfərin məskunlaşması görülən işlərin miqyasını göstərir. Deputat Bakıda keçirilən forumun diqqəti qlobal problemlərə yönəltdiyini açıqlayıb.

Millət vəkili Aydın Hüseynov çıxışında bildirib ki, tədbirə qatılan ölkələrin və iştirakçıların sayı forumun əhəmiyyətini bariz şəkildə göstərir. O, WUF-13-ün Bakıda keçirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin dünyadakı nüfuzu ilə, dövlətin iqtisadi inkişaf səvəiyyəsi ilə bağlı olduğunu vurğulayıb. Deputat bildirib ki, həm Bakı, həm də digər şəhərlərimiz tarixi İpək Yolu üzərində yerləşib və həm də bütün bunlardan çıxış edərək Azərbaycanın şəhərsalma sahəsində böyük təcrübəsi, mədəni dəyərləri olduğunu söyləmək mümkündür. Çıxışçı süni intellekt sahəsində də Azərbaycanın məxsusi təcrübəsinin formalaşdığını bildirib. Sonda millət vəkili Qarabağ və Şərqi Zəngəzurdakı tikinti, quruculuq işlərindən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən söz açıb.

Türkiyənin Üsküdar Universitetinin professoru, sosioloq Əbülfəz Süleymanlı çıxışında bildirib ki, bugünkü şəhər anlayışı, şəhərsalma anlayışı dəyişməkdədir. O, bilirib ki, şəhər insanı formalaşdıran sosial mühitdir: “Buna görə də şəhərsalmaya yalnız memarlıq kimi yox, insanyönümlü bir məsələ kimi də baxmaq lazımdır. Sağlam şəhər sağlamlıq infrastrukturu olan şəhər kimi yox, hərəkətə təşviq edən, ictimai nəqliyyatı effektiv təmin edən, yaşıllğı qoruyan bir anlayışdır həm də. Azərbaycan, Bakı üçün də bu aktuallıq kəsb edir”. Ə.Süleymanlı şəhərlərdə əhalinin məşğulluq imkanlarının da mühüm bir amil kimi nəzərdən keçirildiyini deyib.

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Rəsmiyyə Sabir WUF-13-ün keçirilməsinin Azərbaycan iqtisadiyyatına qısamüddətli və uzunmüddətli təsirlərindən söz açıb. O, bildirib ki, xidmət sektorunda, xüsusilə də ticarət, ictimai iaşə, əyləncə sahələrində canlanma müşahidə olunur. Onun sözlərinə görə qonaqların Azərbaycanla tanışlığı ictimai və konqres turizminin inkişafına töhfə verir. Uzunmüddətli təsirdən söz açan professor gələcəkdə investisiya mühitinin daha da yaxşılaşmasına müsbət təsirlər olacağını qeyd edib.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirib ki, Azərbaycanda azsaylı xalqların çoxluğu bizim yüksək mədəni dəyərə malik olduğumuzu göstərir. Onun sözlərinə görə Azərbaycan köhnə və yeni şəhərlərin ahəngini dünya ictimaiyyətinə təqdim etməyə fürsət qazanıb. M.Rəhimli hesab edir ki, Azərbaycanın ağıllı şəhər və kənd layihələrinin işləməsi başqa ölkələr üçün də təcrübə ola bilər: “Başqa dövlətləri bizim bu layihələrə cəlb etmək də bizim üçün maraqlı fürsətlərdən ola bilər. Beynəlxalq forumun ölkəmizdə keçirilməsilə Azərbaycanı təqdim etmiş oluruq”.

Britaniya-Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahova İngiltərədən, Bukinhem şəhərində görülən işlərdən nümunə olaraq bəhs edib. O, bildirib ki, şəhər seçki yolu ilə vəzifə tutan şəxslər tərəfindən idarə olunurdu. F.Pənahovanın dediyinə görə şəhərsalmada görülən bütün işlər insanların rifahına hesablanırdı. Çıxışçının sözlərinə görə artıq gələcəyin şəhərləri məhz bu cür planlaşdırılır.

Kanada Qadınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü Yeganə Cəfərova yaşadığı ölkədə şəhərsalma ilə bağlı maraqlı qeydlərini bölüşüb.

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Şölət Zeynalov bildirib ki, mövzunun fəlsəfi tərəfləri də önəmlidir. O, Azərbaycanın dünya miqyasında öz sözünü deyən bir ölkə olduğunu xatırladıb. O, işğala məruz qalmış, bu problemi həll etmiş bir ölkə olan Azərbaycan üçün təhlükəsizlik, sülh məsələlərinin önəmindən bəhs edib. Alim türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki quruculuq-abadlıq işlərinə verdiyi dəstəkdən də söz açıb.

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Hüseyn İbrahimov dünyadakı şəhər modellərindən bəhs edib. Onun sözlərinə görə sosial infrastrukturların insanlar üçün rahat və əlçatan olması hazırkı dönəmdə ən çox diqqətdə saxlanılan məsələlərdəndir. Alim bildirib ki, inkişaf etmiş ölkələrdə insanların bir şəhərə, bir mərkəzə toplaşmaması üçün də ciddi addımlar atılır. “Ağıllı şəhər” modelinin ABŞ-də tətbiq olunduğunu deyən H.İbrahimov onu regionda ilk dəfə Azərbaycanda icra edildiyini söyləyib.

“Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri Xatirə Qəmbərova Azərbaycanın təbiətinin gözəl olduğunu, ölkəmizin turizm məkanına çevrilməsini arzuladığını vurğulayıb. Onun sözlərinə görə Rusiyadan, xaricdən gəlib Azərbaycanı gəzib geri qayıdan şəxslər müsbət təəssüratlar bölüşürlər.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mrkəzinin sədri, politoloq Samir Hümbətov WUF-13-ün gələcəkdə yaradacağı təsir imkanlarından söz açıb. Dünyanın ağıllı texnologiyalara kökləndiyini deyən politoloq süni intellektin imkanlarına toxunub. Onun sözlərinə görə yeni meqapolislərin ortaya çıxması müəyyən çətinliklər yaradır. O, həm də qurulmuş şəhərləri inkişaf etdirməyin müzakirəsini də vacib sayıb. S.Hümbətov kənddən şəhərə axınların artmasının dünyada bir sıra çətinliklər törətdiyini qeyd edib.

Mingəçevir Dövlət Universitetinin prorektoru Natəvan Namazova Azərbaycanda keçirilən böyük forumların ölkəmizin tanınması baxımından mühüm olduğunu qeyd edib. O, Mingəçevir şəhərinin və təmsil etdiyi universitetin də bu prosesə töhfə verdiyini vurğulayıb. N.Namazova dayanıqlı şəhər modellərindən söz açıb.
“Müasir İnkişaf” İctimai Birliyinin üzvü, təhsil mütəxəssisi Nicat Göyüşov universitetlərin regionlarda yerləşdirilməsindən danışaraq, Qarabağ Universitetini və onun gələcək fakültələrinin müxtəlif yerlərdə açılması imkanlarından danışıb. N.Göyüşov peşə təhsili mərkəzilərilə bağlı da fikirlərini açıqlayıb.
“Müasir İnkişaf” İctimai Birliyinin “Vətənpərvər Gənclər” Klubunun təmsilçisi, BDU-nun tələbəsi Turqut Ansari Azərbaycanda keçirilən beynəlxalq forumların əhəmiyyətindən danışıb.
“Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Əlizadəqızı WUF-13-ün Azərbaycan üçün faydalarından bəhs edib. O, ölkəmizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi quruculuq-abadlıq işlərindən də danışıb.

Qeyd edək ki, tədbirdə eyni zamanda Əməkdar müəllim Aydın Allahverdiyev, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Leyla Məmmədzadə, Hilal təşkilatının sədri, politoloq Arzuman Abdulkərimov, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev, Türk Dünyası Autizm Federasiyasının rəhbəri Elnur Məmmədli, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev, BDU-nun Jurnalistika fakültəsinin müəllimi Arzu İsayeva, “Çağrı” saytının baş redaktoru Mübariz Yunus, Diaspor fəaliyyətinə jurnalistlərin dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin təsisçisi və sədri, tanınmış jurnalist Cavid Şahverdiyev, Türkiyənin Antalya şəhərindən Ceyran Səttarova, TESAM-ın Azərbaycan nümayəndəsi Elməddin Məmmədzadə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin tqürk ölkələri üzrə təmsilçisi Oktay Hacımusalı, Türkiyənin Yıldız Teknik Universitetinin tələbəsi İbrahim Sadıqov da iştirak ediblər.
Sonda tədbir iştirakçıları bir daha Azərbaycanda keçirilən dünya əhəmiyyətli WUF-13 forumunu dəstəklədiklərini, görülən işlərin, keçirilən tədbirlərin əhəmiyyətli olacağını vurğulayaraq gələcəkdə də bu cür konfransların təşkil edilməsinin vacib olduğunu açıqlayıblar.
Qeyd edək ki, "Müasir İnkişaf" İctimai Birliyi 21 ildir fəaliyyət göstərir və bugünə qədər çoxsaylı tədbirlər, layihələr, görüşlər, müzakirələr keçirib.


11:15 22.05.2026
Oxunuş sayı: 99