Özbəkistan ali təhsil müəssisələrinin sərgisi qarşılıqlı əlaqələri gücləndirəcək - Rəy
Siyasi və iqtisadi əlaqələr Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin inkişafı və iki dövlət arasında qarşılıqlı etimadın formalaşması deməkdir.
Bakıda keçirilən Özbəkistan universitetlərinin III təhsil sərgisində Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
"Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Özbəkistan-Azərbaycan arasında bu təhsil mübadiləsinin həyata keçirilməsi xalqların bir-birinə daha sıx yaxınlaşmasına gətirib çıxaracaq. Çünki bu, vacibdir. Təhsil sahəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində Özbəkistan və Azərbaycan siyasi-iqtisadi əlaqələrlə yanaşı, gənclər arasında da inteqrasiyanı mütləq şəkildə təmin etməlidir. Bu səbəbdən Özbəkistan ali təhsil müəssisələrinin Azərbaycanda sərgisinin keçirilməsi, Azərbaycan tələbələrinin Özbəkistanda oxuması, həmçinin Özbəkistan tələbələrinin Azərbaycanda təhsil alması xalqlar arasında dostluq münasibətlərini inkişaf etdirəcək. Beləliklə, gələcəyin fundamenti qoyulur və yeni nəsil ikitərəfli, qarşılıqlı strateji müttəfiqliyi daha da inkişaf etdirəcək".
M.Cəfərov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə özbəkistan Prezidenti arasında şəxsi dostluq münasibətləri də yüksək səviyyədədir:
"Məhz bu şəxsi dostluq münasibətlərindən irəli gələrək, Özbəkistan-Azərbaycan əlaqələri artıq bir çox istiqamətlərdə inkişaf edir. Belə sərgilərin təşkili, ali təhsil müəssisələrinin sərgilərinin Azərbaycanda keçirilməsi ikitərəfli dostluq münasibətlərinin təzahürü kimi xarakterizə oluna bilər".
Fatimə Məmmədova
12:18 23.05.2026
Oxunuş sayı: 88