Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
Vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, tələbələr arasında vergi sahəsinə marağın artırılması, bu istiqamətdə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təşkil olunan olimpiada tələbələrdə vergi savadlılığının formalaşdırılması, eləcə də vergi sahəsində nəzəri və praktik biliklərin artırılmasına yönəlmiş tədbirlərin sistemli və ardıcıl xarakter daşımasının təmin olunmasına xidmət edir.
Olimpiada seçim və yekun turlarından ibarət olmaqla iki mərhələdə keçiriləcək. Seçim turu mayın 26-da vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun tərtib edilmiş test sualları əsasında aparılacaq. Bu mərhələdə 29 universitetin hər birindən 50 qiymətləndirmə balından yuxarı ən yüksək nəticə göstərən 5 nəfər finala vəsiqə qazanacaq. Final mərhələsi 12-14 iyun tarixlərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında təşkil ediləcək.
Olimpiadanın nəticələrinə əsasən qaliblər müəyyən edilərək mükafatlandırılacaq və sertifikatlarla təltif olunacaqlar.
17:24 22.05.2026
Oxunuş sayı: 51