Gündəm

Müstəqilliyimizin ilk illərində ölkənin dərin siyasi, iqtisadi və sosial böhranlarla üzləşdiyi bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası (YAP), xalqın ümummilli lider Heydər Əliyevin ətrafında birləşməsi ilə Azərbaycanın gələcək inkişafının yolunu müəyyənləşdirdi. Bu partiya yalnız bir siyasi qüvvə deyil, həm də milli həmrəyliyin, sabitliyin və inkişafın əsas sütunu olaraq ölkənin müasir tarixində silinməz iz qoydu.

YAP-ın təsis olunması, milli maraqların ön planda olduğu, dövlətçilik və vətənpərvərlik prinsiplərinə əsaslanan bir siyasi platformanın formalaşması demək idi. Bu gün YAP-ın ildönümü, partiyanın keçmişdəki uğurlarını xatırlamaqla yanaşı, onun Azərbaycanın gələcək inkişafı üçün müəyyənləşdirəcəyi strategiyaları dəyərləndirmək üçün də bir fürsətdir.

Mövzu ilə bağlı deputat Aydın Hüseynov Crossmedia.az saytına açıqlamasında YAP-ın yaranma zərurətindən danışıb:
“Yeni Azərbaycan Partiyası Ulu Öndərimiz Heydər Əliyevin zəkasının məhsuludur. YAP dövrün tələbi idi. 1990-cı illərdə yaranmış hakimiyyət böhranı YAP-ın yaradılmasını zərurətə çevirdi və Azərbaycan xalqı çıxış yolunu Heydər Əliyevdə görürdü. 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında təsis edilən YAP, dövlətçilik ənənələrinə söykənən, Heydər Əliyev təcrübəsini özündə birləşdirən yeni bir siyasi qüvvə kimi meydana çıxdı. Partiyanın təşkilatlanması da qısa müddətdə sürətlə həyata keçirildi.”

Partiyanın gələcək perspektivlərindən danışan deputat əlavə edib:
“YAP-ın gələcək perspektivləri barədə danışarkən Ulu Öndər Heydər Əliyevin sözlərini xatırlamaq lazımdır: “YAP dünənin, bugünün və sabahın partiyasıdır.” Bu gün YAP-ın sədri Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə partiya daha da güclənib və inkişaf edib. YAP təkcə Azərbaycanda deyil, həm də regionda ən güclü siyasi partiyalardan biridir. Beynəlxalq nüfuzu və əlaqələri genişlənməkdə davam edən YAP, Azərbaycan xalqının istək və düşüncələrini ifadə edən, dövlətçilikdə mühüm rol oynayan bir təşkilatdır. Əminəm ki, YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq.”

Bu ildönüm, YAP-ın keçmişdən gələcəyə körpü olan dəyərlərini, Azərbaycan xalqının rifahı və dövlətimizin güclənməsi uğrunda verdiyi töhfələri xatırlamaq üçün bir imkan yaradır. YAP-ın bu strateji yolunu davam etdirərək xalqın ümidlərini doğruldacağına heç bir şübhə yoxdur.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il