Sosial müdafiə və sosial təminat xərcləri, o cümlədən məcburi köçkünlərə ödənilən müavinətləri nəzərə aldıqda, növbəti ilin büdcəsində bu məqsədlər üçün 4,8 milyard manat vəsait nəzərdə tutulub. Bu da 2024-cü ilin büdcəsindən 420 milyon manat və ya 10 faiz, 2023-cü ilin büdcəsindən isə 530 milyon manat və ya 12 faiz çoxdur. Həmçinin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 2024-cü illə müqayisədə 0,6 faiz bənd çox olaraq 11,6 faiz bəndə bərabərdir.
Crossmedia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət və bu qəbildən olan sosial xərclər kateqoriyası üzrə növbəti ilin büdcəsi cari ilin büdcəsindən 1 milyard manat artıq olmaqla, 12,6 milyard manata bərabərdir. Dövlət büdcəsinin xərclərində sırf qeyd etdiyim sosial xərclər üzrə müəyyən olunan məbləğ büdcənin 30 faizindən çoxdur. Müqayisə üçün bildirim ki, 2024-cü ildə bu qəbildən olan xərclər cəmi 11,6 milyard manat idi. Ümumi daxili məhsulda bu xərclərin xüsusi çəkisinə baxdıqda isə bu, 2025-ci il üçün proqnozlaşdırılan ÜDM-in 10 faizinə bərabərdir”, - deyə nazir qeyd edib.