Gündəm

Azərbaycanda yerli özünüidarəetmənin əsas daşıyıcısı olan bələdiyyələrin fəaliyyəti uzun müddətdir müzakirə mövzusudur. Həm qanunvericilik bazasının inkişaf etdirilməsi, həm də struktur dəyişiklikləri çərçivəsində bələdiyyələrin daha səmərəli işləməsi üçün addımlar atılır. Xüsusilə, kiçik bələdiyyələrin birləşdirilməsi ideyası, yerli idarəetməni təkmilləşdirmək məqsədilə gündəmdədir.

Azərbaycanda bələdiyyələr yerli özünüidarəetmənin əsas struktur elementi kimi formalaşıb. Bununla belə, idarəetmədə mövcud olan səmərəsizlik və resurs çatışmazlığı bələdiyyələrin yenidən təşkil edilməsini zəruri edir. Bu məqsədlə, ölkədə kiçik bələdiyyələrin birləşdirilməsi istiqamətində islahatların həyata keçirilməsi aktuallaşıb.

Azərbaycanda əhalisi 3000 nəfərdən, ev təsərrüfatlarının sayı isə 1000-dən az olan bələdiyyələrin daha böyük strukturlarla birləşdirilməsi nəzərdə tutulur. Ekspertlər hesab edir ki, kiçik bələdiyyələrin birləşdirilməsi yerli idarəetmədə resursların daha effektiv bölüşdürülməsini və xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin edəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirir ki, hazırda Azərbaycanda bələdiyyələrin idarəetmə resursları çox məhduddur. Onların cəmi 50 milyon manatlıq illik büdcəsi ilə nəinki xidmətlərin yüksək səviyyədə təşkili, hətta öz fəaliyyətlərini maliyyələşdirməkdə çətinlik çəkirlər. Müqayisə üçün, Türkiyənin Rizə şəhərinin illik büdcəsi 80 milyon ABŞ dollarını aşır. Belə fərqlər göstərir ki, bələdiyyələr iqtisadi dayanıqlılığını artırmadan yerli problemlərin həlli mümkün deyil.

Azərbaycanda bələdiyyələrin əsas maliyyə mənbələri əmlak və torpaq vergilərindən ibarətdir. Lakin bu yığımlar kifayət qədər səmərəli təşkil edilmədiyi üçün büdcəyə daxilolmalar azdır. Bundan əlavə, bələdiyyələr mərkəzi icra hakimiyyətləri ilə müqayisədə daha məhdud səlahiyyətlərə malikdir.

Ekspertlər təklif edir ki, bələdiyyələrə əlavə xidmət funksiyaları həvalə edilməlidir. Nikah qeydiyyatı, notariat və digər ictimai xidmətlər bu qurumların gəlir bazasını genişləndirə və onların vətəndaşlara daha yaxın olmasını təmin edə bilər. Bununla yanaşı, yerli icra hakimiyyətlərinin bələdiyyələr üzərindəki təsirini azaldaraq, seçilmiş orqanların daha müstəqil fəaliyyətinə şərait yaradılmalıdır.

Türkiyə bələdiyyələrinin idarəetmə təcrübəsi Azərbaycanın yerli idarəetmə islahatlarında nümunə ola bilər. Oradakı mer sistemi, güclü maliyyə imkanları və geniş xidmət sahələri yerli problemlərin effektiv həllində mühüm rol oynayır. Azərbaycanın iri şəhərlərində mer institutunun tətbiqi və böyük bələdiyyələr yaradılması səmərəliliyi artırmaq üçün əsaslı bir addım olar.

Türkiyə ilə "qardaş bələdiyyələr" təşəbbüsünün inkişaf etdirilməsi də əməkdaşlıq imkanlarını genişləndirə bilər. Bu yanaşma təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün vacib platformadır.

Bələdiyyələrin birləşdirilməsi sadəcə struktur dəyişikliyi deyil, eyni zamanda daha müasir və effektiv idarəetmə modelinin qurulması üçün başlanğıc nöqtəsidir. Bu prosesin uğurla həyata keçirilməsi üçün aşağıdakı tədbirlər vacibdir:  Bələdiyyələrin büdcəsinin artırılması və yeni gəlir mənbələrinin yaradılması.

Torpaq və əmlak vergiləri üzrə toplama mexanizmlərinin təkmilləşdirilməsi.

Seçilmiş bələdiyyə orqanlarının səlahiyyətlərinin genişləndirilməsi.

Yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi və məhdudlaşdırılması.

Effektiv islahatlar həm yerli problemlərin həllinə daha çevik yanaşmanı təmin edəcək, həm də ictimaiyyətin seçilmiş orqanlara inamını artıracaq. Gücləndirilmiş bələdiyyələr mərkəzi hökumətin yükünü azaldaraq, yerlərdə vətəndaşların ehtiyaclarının birbaşa təmin edilməsinə xidmət edəcək.

Nəticədə, bələdiyyələrin müasir idarəetmə modelinə keçidi Azərbaycanın demokratik inkişafına və yerli özünüidarənin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Əsli Telmanqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il