Gündəm

Ermənistanın uzun illər ərzində apardığı işğalçılıq siyasəti təkcə Azərbaycanın ərazi bütövlüyünə deyil, həm də ölkənin davamlı inkişafına və ekoloji tarazlığına ciddi zərbə vurub. İşğal altında qalan ərazilərdə isə təbii resursların istismarı, meşə örtüyünün məhv edilməsi və ətraf mühitə qarşı törədilən ekoloji cinayətlər Azərbaycanın yaşıl inkişaf strategiyasını həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Məsələ ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlaması zamanı qeyd edib ki, bütün dünyada iqlim dəyişikliklərinə və yaşıl inkişafın ləngiməsinə ən neqativ təsir göstərən amillərdən biri müharibələr, xüsusilə də dövlətlərin ərazilərinin uzun müddət işğal altında saxlanılması faktıdır. Bu kontekstdə Azərbaycan müstəqillik əldə etdikdən sonra 20-ci əsrin sonlarında belə bir ağır vəziyyətlə üzləşib. Hamıya, o cümlədən beynəlxalq ictimaiyyətə məlumdur ki, Azərbaycanın 25 faizdən artıq ərazisi 30 ildən çox işğal altında qalıb:

“Bu ərazilər öz təbii resursları, yaşıl enerji potensialı və ekoloji zənginliyi ilə Azərbaycanın ən gözəl bölgələrindən biri olub. Lakin işğal illərində bu ərazilərin nə təbii tarazlığının qorunması, nə də resurslardan səmərəli istifadəsi üçün hər hansı müsbət addım atılmayıb. Əksinə, bu torpaqlarda təbiətə və infrastruktur obyektlərinə qarşı misli görünməmiş bir vandalizm törədilib. İşğal dövründə həmin ərazilərdə bütün kommunikasiya infrastrukturu sistemli şəkildə dağıdılmış, torpaqlar hərbi və kimyəvi tullantılarla çirkləndirilmiş, meşə örtüyü isə məhv edilib. Eyni zamanda içməli su ehtiyatları zərər görmüş, çayların məcrası dəyişdirilmiş və ümumilikdə təbiətə qarşı tamamilə laqeyd yanaşma nümayiş etdirilib”.

H.İbrahimov həmçinin qeyd edib ki, işğal altında olan ərazilər Azərbaycanın yaşıl inkişaf strategiyasını həyata keçirmək imkanlarını 30 il boyunca əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu ərazilərdə torpaqların eroziyaya uğraması, flora və faunanın məhvi, nadir bitki növlərinin yox olması, həmçinin hərbi və kimyəvi çirklənmə nəticəsində ekoloji tarazlığın ciddi şəkildə pozulmasına səbəb olub. Ərazinin potensialı hər il Azərbaycanın yaşıl iqtisadiyyatına və davamlı inkişafına əngəl törədib. Hazırda mütəxəssislər həmin ərazilərin ekoloji vəziyyətinin bərpası və çirklənmiş torpaqların təmizlənməsi istiqamətində tədqiqatlar aparır:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət bu ağır nəticələrin aradan qaldırılmasına yönəlib. İşğaldan azad edilmiş ərazilərdə cəmi 4 il ərzində həyata keçirilən işlər 10 illərlə müqayisə edilə bilən inkişafın əldə olunmasına şərait yaradıb. Bu, öz torpaqlarını azad edən bir dövlət üçün kifayət qədər uğurlu nailiyyətdir”.

Son olaraq sosioloq onu da vurğulayıb ki, Azərbaycan COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edən bir dövlət olaraq, Ermənistanın ekologiyaya və yaşıl təbii mühitə vurduğu zərərlərin beynəlxalq səviyyədə müzakirəsini də qaldıra bilər. Bu, Azərbaycanın hüququdur və Ermənistanın işğalçılıq siyasətinin bütün mənfi nəticələrini ifşa etməyin vacib bir vasitəsidir. Ermənistanın indiyə qədərki törətdiyi ekoloji cinayətləri, həmçinin bu ərazilərə vurduğu ağır ziyan beynəlxalq ictimaiyyətə təqdim edilməli və hüquqi müstəvidə məsuliyyətə cəlb olunmalıdır.

Aytac Bəhruzqızı 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il