Avropa

Moldova 2024-cü il prezident seçkilərinin ikinci turunda Avropa İttifaqına inteqrasiyanı dəstəkləyən Maya Sandu qələbə qazandığını bəyan edib. Bu barədə siyasətçi özünün “X” sosial media hesabında paylaşım edib. 

Sandunun qələbəsi Moldovanın gələcəyi üçün əhəmiyyətli bir dönüş nöqtəsi sayılır və seçicilərin səsi yalnız bir namizədin seçilməsi deyil, həm də ölkənin xarici və daxili siyasət kursuna dəstəyin təzahürü kimi qiymətləndirilir.

Sandunun bu seçkilərdəki qələbəsi Moldova vətəndaşlarının Avropaya yaxınlaşmaq, demokratik islahatları dərinləşdirmək və korrupsiya ilə mübarizə aparmaq istəyini bir daha təsdiq etdi. Onun Avropa İttifaqına inteqrasiya proqramı, Moldova cəmiyyətində qərbyönümlü dəyişikliklərin dəstəklənməsini ortaya qoyur.

Sandunun qələbəsindən sonra Moldovanı hansı gələcək gözləyir?


Mövzu ilə bağlı Crossmedia.az saytına açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Sandunun prezident seçilməsindən sonra ölkənin Avropa yönümlü siyasəti davam etdiriləcək. Moldova, Avropa İttifaqına üzvlük üçün zəruri islahatları həyata keçirir və Sandunun bu qələbəsi həmin prosesin daha da güclənməsinə zəmin yaradır.


Politoloqun sözlərinə görə, seçkilərlə eyni vaxtda keçirilən referendumda da Sandunun tərəfdarları az fərqlə üstünlük əldə etdilər. Moldova xalqının qərbə yönəlmiş bir lideri dəstəkləməsi isə Rusiyanın maraqlarına uyğun deyil və Rusiya müxtəlif vasitələrlə bu prosesi təsirləndirməyə çalışacaq. Lakin Moldova artıq öz kursunu müəyyən edib və gələcək siyasəti Rusiya-Ukrayna müharibəsinin nəticələrindən də asılı olacaq.


Qasımov bildirir ki, Sandu hər nə qədər Qərbə yaxın siyasət yürütməyə çalışsa da, Rusiya ilə münasibətlərdə ehtiyatlı davranır və mümkün qədər gərginliyi artırmamaq üçün balanslı bir mövqe saxlayır. Avropa İttifaqının da bu kontekstdə Moldovaya dəstəyini davam etdirəcəyi gözlənilir.


Moldovanın qarşısında duran ən böyük problemlərdən biri Dnestryanı bölgədə Rusiyanın hərbi bazalarının mövcudluğudur. Bu ərazidə sülhməramlı adı altında olan Rusiya hərbi varlığı, ölkənin Avropa İttifaqı ilə inteqrasiya prosesində əsas maneələrdən biri olaraq qalır.


Eyni zamanda, Moldova daxilində Qaqauziya bölgəsində avrointeqrasiyaya qarşı olan əhali də ciddi bir məsələdir. Bu problemlərin həlli isə Sandunun Avropaya yaxınlaşma kursunun uğurla həyata keçməsi üçün mühüm əhəmiyyət daşıyır. Moldova üçün Qərblə yaxınlaşma yolunda daxili və xarici çətinliklər mövcud olsa da, Sandunun rəhbərliyi altında ölkənin gələcəyinin Avropa istiqamətində irəliləyəcəyi gözlənilir.


Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il