CROSSMEDIA - Analitik İnformasiya Portalı

Cəmiyyət

15:00 07.11.2026

Payızın gizli təhlükəsi: Göbələk seçərkən nələrə diqqət etməliyik?

29

Göbələkdən zəhərlənmə halları xüsusilə payız mövsümündə yenidən aktuallaşır. Yağışlı və rütubətli havadan sonra meşələrdə, çöllərdə və digər ərazilərdə göbələklərin artması insanların bu məhsula marağını artırır. Lakin təbiətdə bitən hər göbələyin yeməli olduğunu düşünmək ciddi sağlamlıq problemlərinə, hətta ölümə səbəb ola bilər. Zəhərli göbələklərin bəziləri zahiri görünüşünə görə yeməli növlərdən demək olar ki, fərqlənmir. Bu isə onları təcrübəsiz şəxslər üçün daha təhlükəli edir. Qobustan rayonunda baş verən son hadisə də məsələnin nə qədər ciddi olduğunu bir daha göstərir. Noyabrın 5-də göbələkdən zəhərlənmə şübhəsi ilə beş kişi Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. TƏBİB-in məlumatına görə, onlara zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Məlumata əsasən, zəhərlənən şəxslər AAYDA əməkdaşları olub. Göbələkdən zəhərlənmənin təhlükəsi yalnız onun hansı növə aid olması ilə məhdudlaşmır. Bəzi zəhərli növlərin təsiri qəbul edildikdən bir neçə saat sonra, bəzilərinin isə daha gec üzə çıxa bilər. İnsan özünü ilkin mərhələdə yaxşı hiss etsə belə, sonradan ürəkbulanma, qusma, qarın ağrısı, ishal, qaraciyər və böyrək funksiyalarının pozulması kimi ağır fəsadlarla qarşılaşa bilər. Buna görə də göbələk qəbulundan sonra hər hansı narahatlıq yaranarsa, vaxt itirmədən tibbi yardıma müraciət etmək vacibdir. Digər mühüm məsələ isə göbələklərin toplanması, saxlanması və hazırlanması ilə bağlıdır. Bəzən insanlar göbələyin zəhərli olub-olmadığını rənginə, qoxusuna və ya bişirilmə üsuluna əsasən müəyyən etməyə çalışırlar. Halbuki bu cür yanaşmalar etibarlı deyil. Hətta uzun müddət bişirmək və ya qaynatmaq da bəzi zəhərli göbələkləri təhlükəsiz etmir. Bazarlarda və satış məntəqələrində təqdim olunan məhsulların mənşəyi və təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Payız mövsümündə göbələkdən istifadə edənlərin sayının artdığı bir vaxtda əsas məsələ insanların bu məhsulu seçərkən və istehlak edərkən nə qədər diqqətli davranmasıdır. Bəs hansı göbələklər daha təhlükəlidir, zəhərlənmə riskini necə azaltmaq olar və istehlakçılar hansı hallarda göbələkdən imtina etməlidirlər?

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər